Qonaq Kitabı
HƏFTƏ FƏRYADI (2)

 

“Felyeton “Həyat” qəzetinin 19 may 1906-cı il tarixli 108-ci nömrəsinin 2-3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur”. 

 

Keçən həftə "atalar sözü" barəsində söhbət edib də "artıq tamah baş yarar" məsəlini buraxmışdım. Buraxmağımın səbəbi "tamah" sözünü yaxşı anlamamağım olubdur. Açıq söyləməli: bu vaxtadək mən elə bilirdim ki, "tamah", "xəsislik" və "qənaət" bir mənalı sözdürlər. İndi bilənlərdən sordum: mənə bəyan etdilər...

Mən fikir edirdim ki, bu sözlər bir-birini doğurur: məsələn, qənaət xəsislik, xəsislik tamah doğurur... İndi anladım ki, hamısını bir mənada işlətmək olmaz və bir-birini heç vaxt doğurmur. Bundan müqəddəm "mən" kəndi hərəkətlərimə diqqət edib də fikir edirdim məndə hər cür sifət var: mən özümü qənaətkar bilib də deyirdim: bu sifət məndə artarsa, mən xəsis olaram, xəsislik sifəti artarsa, tamahkar olaram... İndi görünür ki, mən səhv anlayırmışam: məndə ancaq qənaətlik sifəti var imiş. Qeyri yaman sifətlər yoxmuş... Mən çox şad oldum. Bundan sonra heç kəsin ixtiyarı yoxdur mənə tamahkar desin. Həqiqət, bir diqqət ediniz: görünüz, məndə bu yaman sifətlərdən taparsınızmı; məsələn: "mənim evimdə məriz var, qış vaxtı könlünə qovun düşübdür! Qış vaxtı qovunun biri iki manat! Mən bazara gedib qovun almaq istəyirəm. Bir qovuna iki manat tələb edirlər! Yox, "mən" iki manat qovuna vermək istəmirəm, bahadır. Bazarı başdan-ayağadək gəzirəm, ucuz qiymətə almaq istəyirəm. Axırda bir dükanda bir "balaca" əzilmiş qovunu 50 qəpiyə alıram. Qovun bir balaca "əzilmiş" olursa, nə eybi var? Məriz hamısını yeməyəcəkdir ki, bir dilim yedi bəsdir. Dilim də olmasa bir qanc olar ki, tamamdır.

Ya xeyr, haman mərizə aptekxanadan tələsik dərman aparmaq lazımdır. Mərizə dərman çox lazımdır. Evə faytonla getmək lazım gəlir. İndi nerəyə baxarsınız fayton rezinli olubdur. Bunlar da qanunla 20 qəpik verəndə donquldanırlar. Həmi 20 qəpik verim. Həmi donquldansın! Xeyr, mən rezinli faytona minmirəm, rezinsiz arayıram. Axırda, tapıb soruram: filan küçəyə neçəyə aparacaqsan? "Özünüzə məlumdur Hacı" deyib də səni dəvət edir. Yox oğlum, doğru mənə məlumdur: qanunla 20 qəpikdir, lakin 20 qəpik versəm rezinli faytona minərəm.... Səninki rezinsizdir. Ona görə 15 qəpik verərəm. Görürsən, faytonçu razı oldu....

İndi buyurunuz görək, "mən" üç sifətdən hankına layiqəm. Mənə xəsis, yainki tamahkar demək olarmı? Xeyr, əfəndim! Heç vaxt bu yaman sifətləri mənə calamağa ixtiyarınız yoxdur. Tamahkar o adama deyərlər ki, bir şey özündə bol-bol olduğu halda, haman şeyi qeyrisində görəndə onu da öz əlinə keçirtməyə cidd-cəhd etsin. Xəsis o adama deyərlər ki, paranı para üstə qoyub da insana ən lazım olan şeylərdən kəndisini məhrum etsin.... Buyurunuz, əfəndim: mən kimin şeyini əlindən aldım? Ya hankı şeydən kəndimi məhrum etdim? Mənim anladığıma mənə ancaq qənaətli demək olar ... məndən olsa konkaya minəndə danışmaq lazımdır. Məsələn: insafdırmı ki, vağzaldan Bayılova bir şahı, birja olan yerdən qubernatorun evinədək də bir şahı? Çox da mən milyonçuyam! Çox da mənim alış-verişim qubernator ilədir!.. Çox da mənim yoldaşlarım "əbəs" yerə milyonlar xərc edirlər ... belə hərəkətə siz nə ad qoyursunuz? Məni siz tamahkarmı hesab edirsiniz, yainki qənaətli? Əlbəttə, qənaətli! Qənaət lazımdır. İnsan gərək son gününün fikrində olsun, "mən oğul-uşaq sahibiyəm, nəvəm, nəticəm olacaqdır. Bəlkə oğlanlarım arvad "çox" aldılar "Çoxarvadlıların uşaqları da çox olar!.... Mən qoyduğum mal və dövlət bəs etməsə "biçarə" nəvələrim, nəticələrim nə edəcəklər? Qasım yerinə Mixayil, Səkinə yerinə Marfa meydana gəlirsə, mən o dünyada nə cavab verəcəyəm... Yox, əfəndim, siz nə istəyirsiniz söyləyiniz, lakin "mən" anladığım böylədir, qənaət, qənaət etmək! Hər kəs də "qənaət" sözünü "tamah" sözü ilə qarışdırsa, yəqin ki, cənab Nemətulla əfəndinin "lüğətindən" xəbərdar deyil. Həqiqət, hər bir "lüğətə" baxmalıyız. Xüsusən bizim ədiblərə bu vacibdir. Bunlar kitablar, məqalələr yazırlar. Xalqı düz yola dəvət edirlər. Lakin kəndiləri düz yoldan kənar olurlar. Oxuyanlara deyirlər: tənbəl olmayınız, işləyiniz, özləri isə tənbəllik edib "Nemətulla" əfəndinin "lüğətinə" heç baxmırlar ki, "tamah" ilə "qənaət" sözünə fərq qoysunlar. Haman tənbəllərdən biri də mənim çox yavuq rəfiqim, "Tamahkar" komediyasını yazan S.A.-dır. Çox da rəfiqimdir, çox da millət yolunda işləyən qeyrətli cavanlarımızdandır! Mən haqq sözü gizlədəcəyəmmi? Yox, əfəndim, istər rəfiqim məndən rəncidə olsun, istər olmasın mən tutduğum iradı açıq söyləyəcəyəm. Rəfiqim bir gözəl komediya inşa edib gözəl dil ilə, gözəl məqsud ilə! Lakin rəfiqimiz bircə "səhv" etməklə kəndi inşasını korlayıbdır.  "Səhv" beşaltı olsa idi, sözümüz olmazdı, çünki komediyalarımızda səhvlər çoxdur. Kimdir onlara diqqət edən, qulaq verən?... Lakin bircə səhv ilə komediyanı korlamaq insafdan kənar işdir. Xeyr, görünür, rəfiqimizin meydana gətirdiyi "Hacı Murad" ilə ədavəti var imiş! Xülasə, nə isə, biçarə Hacı Muradı "nahaq yerə" biabır (biabru) edibdir, ona "qənaətli" deyəcəkmiş, "tamahkar" deyibdir! Böylədə böyük "səhv" olarmı? Tutalım ki, Hacı Murad əfəndi ilə qərəziniz var idi, biz tamaşaçılar nə günahın sahibiyiz: nə səbəbə "qənaət" yerinə "tamahkar" sözünü bizə təlim edirsiniz?

Yox, əfəndim, Hacı Murad sizi suda çəkməsə də, mən çəkəcəyəm; qoy oxuyanlar bizim mirovaylarımız olsunlar, görək kimin sözü haqdır: bəli, biçarə Hacı Murad bir yetimin pulunu alət edib dövlət sahibi olubdur; yetimə isə heç qulaq asmayır, pula qənaət edir; evindəki qızına həmçinin ... böyük dövləti olub da "soğan çörək" və "quru balıq" ilə dolanır, yəni qənaət edir. Pulları, qızılları, qaş-daşları, sandıqlara yığıb gündə neçə dəfə açıb seyr və tamaşasından ləzzət alır; hər açanda sandığa gərəkdir bir şey artırsın. Oradan götürməyə ixtiyarı yoxdur. Çünki qənaət edir. Hacı Muradın bacısı yaman gündə şəhərə gəlib qardaşından kömək istəyib deyir: qardaş, sən razı olma ki, iki yüz manatdan ötrü sabah sənin bacının paltarları bazarlarda satılsın. Hacı Murad bacısına rəhm etmir, biçarə arvad gözləri yaşlı, ürəyi dağlı, kor-peşiman kəndə qayıdır, bacısının paltarları bazarlarda satılacaq, satılmayacaq, uşaqları acından qırılacaq, qırılmayacaq, böylə işlər ilə Hacının işi yoxdur. Hacının borcu o idi ki, sandıqdan iki yüz manat çıxmasın, çünki qənaət lazım idi. Qızını sevdiyi adama verməyib bir qoca, zəngin mülkədara verir, çünki haman mülkədara pul borcludur! Qızını verir ki, kürəkəni borcdan keçsin, sandıqdan pul çıxartmasın, çünki qənaət etmək lazımdır... Nökərini 7 il işlədib haqq vermir, qovluyur, çünki pul versə yığdığı pul əksilər, amma qənaət gərəkdir olsun. Bəli, axırda evi viran olur... Qız sevdiyi oğlan ilə qaçır... Pul da oğrulara nəsib olur, çünki qənaət edirdi....

İndi bir yaxşı fikir ediniz, bu Hacı əfəndiyə xəsis və ya tamahkar demək olarmı? Xeyr, əfəndim! Qənaətli biz deyəriz, inanmırsınız, buyurunuz, bu sifətləri təkrar edə-edə Naberejninin bu başından o başınadək gediniz, sorunuz, böylə bir Hacıya nə ad qoymaq olar "tamahkarmı", ya "qənaətlimi?" Mən özüm şahidəm: bu komediya oynandıqda, zənginlərimiz Hacının "gözəl" sifətlərini görəndə "pay atonla", belə də tamahkar olarmı? ... deyib çox təəccüb edirdilər. Haman saatda gəlib təvəqqe ediniz, filan ağa! Bir yetim var, küçədə qalıb acından ölür, yainki ümumi millətin xeyrindən ötrü pul yığmaq lazımdır, deyir ki, üstümdə xırda pul yoxdur, yüzlükdür. Hər saatda başını pozmaq olmur.... Qənaət etmək lazımdır. Xülasə, hər kimdən istəyirsiniz sorunuz, heç kəs deməz ki, bu sifətlər "tamahkar" sifətidir... Böylə olan surətdə rəfiqimizdən təvəqqe olunur ki, haman komediyanı "burada" oynayanda adını "qənaətli" qoysun. Qeyri yerdə oynayanda "tamahkar" qoysun ... bizdə "tamahkar" yoxdur, əfəndim, nə etmək? Güc ilə tamahkar Hacı yaratmaq olmaz ki, siz qərəz ilə bizim zavodçulara da, paraxodçulara da "xəsis" adı qoyacaqsınız. Ondan ötrü ki, yersiz cavanlarımıza qulluq vermirlər...

İndi ona qədər darülfünunlarda oxuyan müsəlman tələbələri Bakıda sakindirlər. Bu şəhəri himmətli, həmiyyətli bilib gəliblər. Fikir ediblər ki, Bakıda müsəlmanlar ayılıblar, millət dərdinə qalırlar. Bu fikir ilə gəlib indi neçə aydır işsiz-gücsüz oturublar. Hər kəsə deyirlər, cavab alırlar: kasadlıqdır əfəndim, iş yoxdur, qənaət etmək lazımdır...

Əcəba!

Bizim hər işimiz tərsdir. Qeyri millətlərin cavanları, tələbələri kəndi adamlarını yaxşı tanıyırlar, xasiyyətlərini bilirlər. Bizimkilər yox. Qeyri millətlər kəndi tələbələrinə gələcəkdə millət hamisi kimi baxırlar, tələbəlikdə onlara kömək edir, elmlərini tez tamam etməyə ciddü-cəhd edirlər, bizim tələbələrə qeyri nəzər ilə baxırlar.... Bunlar, böylə fikir edirlər: bu tələbələr elmlərini qurtarandan sonra namaz qılmayacaqlar, oruc tutmayacaqlar ... bu əməllər də olmayanda millətə necə kömək edəcəklər, etməyəndə indi biz niyə kömək edək?... Necə ki, gəliblər, elə də kəndi vətənlərinə getsinlər... Biçarə tələbələrimiz əlləri boş, boyunları çiyinlərində Bakıdan naümid qayıtmağa hazırlaşırlar. Gedirsiniz, gediniz, yoldaşlar, bir də Bakı adı gələndə biliniz ki, Qafqazda belə bir "himmətli, həmiyyətli" şəhər yoxdur. Gedib də düşmənçiliklə deməyiniz Bakıda tamahkarlar, xəsislər çoxdur. Xeyr əfəndim, belə deyərsiniz isə biz sizə həməvaxt bərəks cavab verəcəyiz. Çünki bunlara heç vaxt tamahkar, xəsis demək olmaz; bir şəhərdə ki, Rusiyadan gələn "ac arvadlara" gecədə minlər xərc olunsun, insafmıdır belə şəhərin adamlarına "tamahkar", "xəsis" deyilsin. Yox, əfəndim, heç vaxt qərəz ilə iş görməyiniz! Xülasə, demək istəyiriz bizim şəhərdə tamahkar, ya xəsis tapılmaz, qeyri şəhərlərdə olmağını bilmirəm. Odur, Qarabağdan "Əhli-kasibeyi-Şişə" şəhadətlik verir ki, orada tamahkarlar tapılır; məsələn, cənab Hacı Şirin deyirlər çox tamahkar adamdır, oğlunun pullarını, malını aşırıb heç kəsə də hesab vermək istəmir.... Kim bilsin, bəlkə bu əhvalatı da qərəzlə yazıblar... Ya xeyr. Ağdaşdan xəbər verirlər guya Popova tamah güc gətirib çayına "ağ ağu" qarışdırır... Böylə olmuş olsa, faytona 15 qəpik verən dostumuz indi evdə deyir ki, dəxi bizim evdə çay da içmək olmaz, çünki çaydan ağu çıxır. "Qənaətkar"lar üçün yaxşı səbəb tapıldı...

Mənim təsəvvürümə, hər yazılmış xəbərə inanmaq olmaz. Çox da Qarabağda Hacı Şirinin barəsində yazırlar, çox da ağdaşlı müxbirimiz Popov çayına ağu qarışdırır, yazır!

Lakin inanmaqmı!

Bu günədək "biçarə" Stesselə tamahkar adı qoyub tövrlü sözlər yazırlar. Kimi deyir: "Məzkur bahadır" Port-Arturu satdı, kimi deyir: qoşunun azuqəsi qurtarmışdı, ona görə Port-Arturu yaponlara "tapşırdı", bunlar hamısı sözdür. Qərəz ilə yazırlar. "Port-Artur Bahadırı"nı bədnam etmək istəyirlər.... Doğrudur, yaponlar Port-Arturda bir aylıq azuqə tapdılar, cənab Stesselin on altıya qədər böyük, ağır sandıqlarını kəndisinə tapşırdılar... Lakin demək olurmu Port-Arturun  verilməyinə Stesselin "tamahı" səbəb oldu?... Kuropatkinin 2 milyon pulunu eşidib ona da "tamahkar" dedilər... İndi bizim vəzirlər də "tamahkardırlar" deyirlər, çünki Dövlət Duması onları qulluqdan kənar etmək istəyir, onlar istəmirlər və haqları da var. Vətəni başına qoymaq olmaz ki, Avropanın pulu ilə xəzinəni zəhmət çəkib doldurublar. İndi haman pulu "yerbəyer" etmək istər, yoxsa yox? Hərgah bu vəzirlər həqiqət tamahkar olsaydılar, gözlərini haman milyardlara tiksəydilər, yəqin ki, Durnovo, Vitte İrana getmək istəməzdilər. Halbuki rəfiqimiz "Molla Nəsrəddin" xəbər verir ki, bu alicənablar İrana təşrif aparacaqlar... Yay yavuqlaşmağına görə, görünür, İranın nəqliyyə məsələsini həll edəcəklər... Bu xəbər doğru isə Durnovonun, Vittenin düşmənləri söz uyduracaqlar... Durnovonun, Vittenin İrana getməklərinin əsil səbəbi İranın vəzirlərindən "tamah" elmini təhsil etməkdir, deyəcəklər....

Nə zərəri var? Elm nerədə tərəqqi tapmış olsa, oraya təhsilə getmək vacibdir. İran vəzirləri qeyri elmlərdə zəif olsalar da, "elmi-tamahda" cəmi Avropaya dərs verərlər, nəinki Durnovo, Vitte kimilərinə... Hal-hazırda İranda açılan universitetlərə Avropa professorları dəvət olunacaqlar... Fəqət İran bir  elmitamah" darülfünunu açsa, kəndi professorları kifayət edər...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info