Qonaq Kitabı
Saqiyi-vəhdət meyindən dilbəri-mövlayı gör

 

Saqiyi-vəhdət meyindən dilbəri-mövlayı gör,

Gəl ki, məstani-ələst ol, bu məhəl övlayı gör.

 

Qəmzəsidir dilfiribü dilkəş xətti anın,

Həq təcəllisin nəzər qıl, əlləməl-əsmayı gör.

 

Cümlə əşya məst olubdur ol camalın eşqinə,

Ayü gün müştaqdır, ol nərgisi-şəhlayı gör.

 

Abi-heyvandır dodağı kəndi həyyi-cümlədən

Nəfxeyi-İsa bağışlar ol ləbi-əhyayı gör.

 

Zülfü qaşü kirpigin gördükcə adam məst olar,

Fitnələr çünkim qopar, ol surəti-Həvvayı gör.

 

İgirmi səkkiz hərf kim, həqqin kitabıdır üzü,

Oxugil dörd gəz yenidən sirri-ma-övhayı gör.

 

Gəl, bəyan nəqşini gər bilmək istərisən bu gün,

Musayı anlarsan, ey sahir, yədi-beyzayı gör.

 

Çünki gəlmişdir xitabı sana vəscud vəqtərib,

Ey Nəsimi, qıl sücudu, məscidi-əqsayı gör.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info