Qonaq Kitabı
Sirri-ilahi bilən, şol xətü xali bilür

 

Sirri-ilahi bilən, şol xətü xali bilür,

Hala xəbir olmayan, sanma bu halı bilür.

 

Qaşü gözü mö’cüzü vəhyi-mübindir anın,

Ol bilür ol sirri kim, eynivü dalı bilür.

 

Gərçi ə’la şə’nəhu yazaram ol şaha mən,

Hüsnünə xətm etdigim cəllə-cəlalı bilür.

 

Nəqlü rəvayatilə zahid uzadır sözü,

Munca nə söylər, əgər doğru məqalı bilür?

 

Hafiz əgərçi oxur yövmü-yünadi, vəli

Sən bu nidayı ana sor ki, Bilalı bilür.

 

Əhsəni-surət kimin vəsfidir, ey müddəi,

Kim ki, cavabı verə, ol bu sualı bilür.

 

Şol sənəmin surətin kim ki, əyan görmədi,

Qanda bu vəchi-həsən ya bu camalı bilür?

 

Şə’ninə nun-vəl-qələm nazil olubdur qaşın,

Kim ki, bu hərfi oxur bədrü hilalı bilür.

 

Mehri-rüxün vəsfini hicrə yanan cana sor,

Firqətini çəkməyən qanda vüsalı bilür?

 

Gərçi Nəsimi sözün dadını verdi, vəli

Kim bu sözü fəhm edər, kim bu xəyalı bilür?

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info