Qonaq Kitabı
Bəhri-fənada fani ol, gör ki, nə xoş həyat olur

 

Bəhri-fənada fani ol, gör ki, nə xoş həyat olur,

Abi-həyat imiş fəna, gərçi adı məmat olur.

 

Kə’bə yolunda eşq ilə yoldaş ol, ey həcə varan,

Susamaz ol ki, yoldaşı Zəmzəm ilə Fərat olur.

 

Canü cahanü dinü dil oynamayan bu ərsədə,

Şahi-cahan olursa gər, ol rüxə şahı mat olur.

 

Çıxdı tufan tənurdan, qərq edisər cahanı, gəl

Gir gəmiyə ki, canına şol səbəbi-nəcat olur.

 

Qeyrə müqəyyid olma kim, hər nə ki, qeyridir anın,

Gər həmə kün-fəkan isə, arifi-zata Lat olur.

 

Əql ilə namü nəngini var, oda sal və yax anı,

Talibi-zat olan qaçan mültəfiti-sifat olur?

 

Qıldı fəna vücudumu, eşq güm eylədi məni,

Bəllisiz oldu hər kim, ol qərqeyi-bəhri-zat olur.

 

Şol günəşin şüasına zərrəcə kim ki, buldu yol,

Hər günü eydü gecəsi qədrü şəbi bərat olur.

 

Fikr edərəm ki, yazayım zərrəcə eşq sirrini,

Bəhr midad, ağac qələm, tasi-fələk dəvat olur.

 

Eşqə fənayi-mütləq ol, keç bu rəvaqü taqidən,

Gövhəri-laməkan necə bəsteyi-şeş cəhat olur?

 

Hər həsənat kim, səni doğru ilətmədi həqə,

Qoyma anın adın həsən, gər həmə səyyiat olur.

 

Məscidü xanəgaha sən sufitək olma qürrə kim,

Aşiqə cümlə yerü gög mə’bədü sovməat olur.

 

Zövq iləvü hüzur ilə Fəzlə pərəstiş eylə kim,

Qəlbi hüzursuz olanın taəti lasəlat olur.

 

Canü cahana ur qafa, aşiq isən gəl, ey könül,

Aşiqə fərzü müstəcəb tərki-təəllüqat olur.

 

Dövlətinə bu dünyanın olma müqəyyəd, ey məlik,

Anın üçün ki, dünyanın dövləti bisəbat olur.

 

Vəhdəti-sərfə ta əbəd oldu Nəsimi bəllisiz,

Hər ki, bu rəsmə məhv ola, zübdeyi-kainat olur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info