Qonaq Kitabı
Eydi əkbərdir camalın, eydə can qurban olur

 

Eydi əkbərdir camalın, eydə can qurban olur,

Abi-heyvandır dodağın, hər kim içər can olur.

 

Gərçi eşqin məskəni viranəsidir könlümün,

Gənci-bipayana layiq qanda hər viran olur?

 

Ey qaşın mehrabü üzün qiblə iman əhlinə,

Aşiqin beytülhəramı surəti-rəhman olur.

 

Surətin əsrarını zahid nə bilsin, ya fəqih,

Qul-kəfa billahə məhrəm qanda hər heyvan olur.

 

Ey qaşınla kirpigin, mişkin saçın ümmül-kitab,

Əhli-tövhidin imamü mürşidi Qur’an olur.

 

Canmısın, ya adəm oğlu, ey günəşrüxsarə kim,

Surətin nəqşində insan valehü heyran olur?

 

Sanein ehsanıdır hüsnün təala şanəhu,

Qüdrəti kamil olanın adəti ehsan olur.

 

Yarəb, ol pakizə cövhər kim, bəşərdir surəti,

Qanğı aləmdən gəlir, adı nədən insan olur?

 

Sünbülün çinində könlüm eyləsə məskən, nola,

Əhli-tövhidin məqamı rövzeyi-rizvan olur.

 

Surəti hər şeydə çün kim vazeh olmuş, ey könül,

Kim dedi, huri görünməz, ya pəri pünhan olur?

 

Gül nə çiçəkdir ki, anı bənzədəm rüxsarına,

Qanğı gülzarda rüxüntək bir güli-xəndan olur?

 

Ey ki, müşkildir deyərsən vasil olmaq yar ilə,

Qoy səni, səndən kəsil kim, müşkilin asan olur.

 

Nəfsini hər kimsə kim, bildivü həqqi tanıdı,

Arifi-rəbb oldu, adı əbd ikən sultan olur.

 

Düşdü sevdayi könül aşüftə zülfün damına,

Düşməyən şol ənbərin zəncirə sərgərdan olur.

 

Külli-şey’un halikə lareybə illa vəchəhu,

Gör bu vəchi kim, nə vəchin vəchinə bürhan olur.

 

Surəti-rəhmana, inkar eylədi divi-rəcim,

Əhsəni-təqvimə inkar eyləyən şeytan olur.

 

Ey Nəsimi, abi-kövsərdir məgər nitqində kim,

Hər kim içər ol şərabı, məsti-cavidan olur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info