Qonaq Kitabı
Üzünə əhli-nəzər surəti-rəhman dedilər

 

Üzünə əhli-nəzər surəti-rəhman dedilər,

Oxuyanlar bu kəlamüllahı Qur’an dedilər.

 

Səb’əxan hafizə sordum qaşın ilə üzünü,

Həqq ilə batili fərq edici fürqan dedilər.

 

Üzünə, arizinə xazini-cənnati-nəim,

Xüldü firdövsi-bərin, rövzeyi-rizvan dedilər.

 

Ləblərin çeşməsinə Xızrü Skəndər, Dara

Zəmzəmü kövsər ilə çeşmeyi-heyvan dedilər.

 

Ləbi-lə’lin şəkərindən bal utandı, əridi,

Səni Şirini-zaman Xosrovi-xuban dedilər.

 

Sibqətüllah və mən əhsənə həqdən üzünə,

Abidun gözlərinə sibqeyi-sübhan dedilər.

 

Müntəhi sidrə boyun qaməti şümşadi-səhi

Ki, boyun sidrəsinə sərvi-xuraman dedilər.

 

Üzün üstündə saçın cəm’i pərişan kimidir,

Aşiqin könlünə məcmui-pərişan dedilər.

 

Aşiq ol, eşq ilə bil məntiqi-eşqin dilini,

Mö’minə Nuhi-nəcat, kafirə tufan dedilər.

 

Əkrəmüzzeyf əmanət dedi peyğəmbəri-həq,

İzzət etgil bu gün ol nitqə ki, mehman dedilər.

 

Mən ərəfna tanıyan nəfsini ol kimsənədir,

Bildi rəbbini, anın adını insan dedilər.

 

Səcdə qıl, məscidi bul, sacidü məscudunu bil,

Kim ki, torpağa sücud etmədi, şeytan dedilər.

 

Möhkəm ayatü dəlilü rüxü vəchül-həsənə

Ki, Nəsimi sözünə höccətü bürhan dedilər.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info