Qonaq Kitabı
HƏFTƏ FƏRYADI

 

“Felyeton “Həyat” qəzetinin 12 may 1906-cı il tarixli 102-ci nömrəsinin 2-3-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur”. 

 

"Fikrinizdəki doğru dilinizdə olursa, dərinizə saman təpərlər".

Bu sözləri də biz atalar sözü və məsəllərin cərgəsinə qoymaq istəyiriz. Siz deyəcəksiniz: belə "atalar sözü" yoxdur, biz eşitməmişik. Bizim eşitdiyimiz "doğru söyləyəni doqquz kənddən qovarlar”dı ki, osmanlılarda zərb-məsəldir. Biz deyəcəyiz, nə olur əfəndim, zindəganlığınıza baxıb da vaxtın təqəzasına görə bir məsəl də biz uydursaq, böyükmü xəta olur?

Bu məsəlləri millət zəmanəyə görə təcrübə gücunə edir, gah vaxt məsəllər bir neçə millət üçün ümumi olur. Belə olan surətdə ümumi məsəlləri olan millətlərin bir şeydə bir tövr tərəqqi və ya tənəzzül tapmağına diqqət etməyə, ya bir neçə millətin xasiyyətlərinin, adətlərinin bir-birinə oxşamağına nəzər yetirmək. Məsələn: gürcü milləti ilə türklərin bir mənada olan məsəlləri çox çoxdur. Hətta rus millətinin də bir neçə məsəlləri bizimkilər ilə bir mənada işlənir. Məsələn: "Yağışdan çıxdım, yağmura düşdüm"; rus deyir: "Oddan çıxdım, alova düşdüm" [...] Nə isə, bu məsəllərə artıq diqqət etməlidir. Az söz ilə bütün millətin keçmişdə və ya hal-hazırda fikri ilə və yainki adəti ilə aşina olmaq şübhəsizdir.

İndi biz də zəmanənin təqazasına baxıb da təcrübə gücünə özümüzdən bir məsəl uydururuz. Əlbəttə, təcrübə və ya səbəb olmasa, uydurduğumuz "atalar sözü"nün mənası da olmaz, ümumi məsəl də olmaz. Məsələn, "heç kəs öz ayranına turş deməz" zərb-məsəli səbəbsiz törənməyibdir. Bu məsəlin törənməsinə nə səbəb olmağını bilmək istəyirsiniz isə, zindəganlığımıza diqqət ediniz; bir bəzzaz taparsınızmı kəndi çürümüş bezinə "çürük"dür desin? Bir baqqal taparsınızmı qurdlu pendirinə "qurdludur" desin? Bir qəssab olarmı iylənmiş ətinə "iylidir" desin? Bir qoca kişi taparsınızmı, cavan övrətlər hüzurunda 60, ya 70 yaşında olduğunu desin? Bir həkim, bir təbib olarmı "Mən naxoşun azarını anlamıram" deyib də qeyri həkimə azarlısını həvalə etsin?

Xeyr, əfəndim! Hər kəsin kəndi malı, kəndi biliyi kəndisinə xoşdur. Belə də gərək olsun, mən deyə bilərmiyəm ki, mənim bezim, pendirim, ətim pisdir? Kim alar? Mən deyə bilərmiyəm ki, mənim altmış, ya yetmiş sinnim var? Mənə hankı gözəl rəğbət edər? Mən deyə bilərmiyəm; filan naxoşun azarı nə olduğunu bilmirəm. Təşxis edəmirəm... Birisini edəmirəm, ikisini, üçünü, sonra? Nə tövr mənə baxarlar?

Bu qədər təcrübədən sonra "heç kəs öz ayranına turş deməz" məsəli ortalığa gəlibdir. Siz elə bilirsiniz "adam adama gərəkdir" atalar sözünün səbəbləri yoxdur? Buyurunuz, əfəndim! İki il bundan müqəddəm Bakı müsəlmanlarına adam lazım deyil idi, hər gecə bir-birini öldürürdülər. "Şeylanın", görünür, müsəlmanlara heyfi gəlibdir; müsəlmanları öz erməni qonşuları ilə yağı etdirdi: erməni-müsəlman davası meydana gəldi, müsəlmanlar dedilər: dəxi yetər! İndi adam "adama gərəkdir". Bir-birimizi puç etməmək, gücümüzü bir yerə cəm edib düşmənin müqabilində durmalıyız... Bəli, bir neçə vaxt ittihad etdilər, bir-birini öldürmədilər...

İndi erməni-müsəlman davası qurtarır!.. Boş durmaqdan fayda yoxdur... İndi bizə "adam gərək deyil"... ölünüz! Öldürünüz! Sonra belə fürsət ələ düşməz, yenə başı qarışar...

Bu əhvalat bir qeyrı məsəl də törədir: "Nə tökərsən aşına, o çıxar qaşığına".

Bəli, filankəs mənim bibim nəvəsini öldürübdür, mən onun qardaşını gərəkdir "mələdəm" deyib də başına "cürlər", köməkçilər toplayır...

Camaatımız isə bağda, kontorlarda, mağazalarda, otaqlarda papiros, ya qəlyan damaqlarında oturub söhbət edirlər. Qatillərin "igidliklərindən" dəm vurub, axırda "nə tökərsən aşına, o çıxar qaşığına" məsəli ilə kəndilərini rahat edirlər... "Nə etmək? Vurma, vurulma!"

Bəli, bu sözlər ilə camaat rahat olur, fəqət keçən həftə bir yetim qızın sözlərini bu camaat düşünsə idi, yəqin ki, bədbəxt müqatilələrə bir "sərəncam çəkərdilər".

Bu balaca yetimçə "atamı istəyirəm" deyib kişilərin gözlərinə baxırdı. Deyəsən, istəyirdi desin: "atamı "sizdən", "siz camaatdan istəyirəm", nahaq yerə canlar puç olur. Camaat isə bu yetimlərə cavab verməyib, başlarını aşağı salır, "ağlayır". Nə olardı bu yetimçələr əl-ələ verib camaatdan kəndi atalarını istəyə idilər! Bəlkə əsil günah kimdə olmağı dəxi də aşkar ola idi... O vaxt ürəkləri yanıb boş söhbət etməkdən isə "iyidlərin" qoçaqlığından, qoçuluğundan dəm vurmaqdan isə, bəlkə qeyrətə gəlib bu böyük bəladan milləti xilas edələr, bəlkə qeyri millətləri bizım üstümüzə güldürməyələr, "ağlatmayalar". Yoxsa ümidinizı hökumətə tutubsunuz? Ay bədbəxtlər! Yenədəmi sizə quyu qazanları tanımırsınız? Gözünüzün qabağında olan əhvalatları görmürsünüzmü? Ya qəzetləri oxumursunuz? Ya oxuyub da anlamayasınız? Yəqin ki, anlamırsınız. Anlamayanda oxumağınızdan nə hasil? "Oxuduğunu soyləmə, anladığını söylə" məsəlini eşidibsinizmi? Bu çox gözəl məsəllərdəndir.

Həqiqət hal, tələbələrimiz də iyirmi il "dizlərini yağır" edirlər. Anladıqları nə olur? "Şikayətmi?" Təharətmi? Rus tələbələrimiz elm təhsil edirlər, axırda ana dilinin lazım olmamağınımı anlayırlar? "Yarımçılıqlar" müəllimləri kəndiləri "yarımçılıq" olmaqlarını anlamırlar? Ya xeyr "mən çox da Marksın inşasını oxumuşam. Engelsi mütaliə etmişəm, lakin anlamışammı? Onların dediklərinə əməl edirəmmi? Yoxsa "müqəllidlik" edib, özümü qeyrisinə oxşadıram...

"Mancuriya Bahadırı" cənab Kuropatkin də yaponun barəsində çox oxumuşdu, hətta neçə ay səyahət edib Tokioya gedib çıxmış idi. Yaponun "gizlin" işlərini pək gözəl bilirdi, "Liliput" saldatlarını görmüş idi. Lakin bir şey anlamışdımı?.. Tokiodan başqa bir qeyri şeyə diqqət etməmişdi. Tokio çox xoşuna gəlmişdi. "Allah qoysa, mən rus-yapon sülhnaməsinə Tokioda qol çəkdirəcəyəm" deyib, bir də Tokio şəhərinə getmək istədi...

Yaponlar isə cənab Kuropatkini anlamayan bilib, Tokioya buraxdılar, "anlayan" bilsəydilər buraxmazdılar... İşin aqibəti göründü.

Vitte Kokovosov cənabları da dövlətin nəqdiyyə məsələsi barəsində pək gözəl oxumuşdular. Lakin anladılarmı? Vitteyə avropalılar "dirsək göstərdilər". Kokovosov isə vətəni bir neçə ilin müddətinə satdı.

Cənab Durnovo da hürriyyətpərəstlərin proqramlarını təfsilatı ilə təlim etmişdi. Onların tələbinə cidd-cəhd edirdi. Lakin onların proqramlarını anlayıb da, köklərini kəsdimi? Yoxsa, işi yarımçılıq qoyub qaçdı?..

Ha!.. Bu tövr təcrübələr "oxuduğunu söyləmə, anladığını söylə" məsəli kimi atalar sözünün törəməyinə səbəb olur. İşdə "fikrinizdəki doğru dilinizdə olursa, dərinlzə saman təpərlər" sözlərini məsəl əvəzinə işlətmək olmazmı? Bu sözləri təsdiq edən əhvalatlarını, ya təcrübələrimi yoxdur? Nərədən başlayaq?

İsa peyğəmbərin təvəllüdünə 424 il qalmış filosof Sokrat fikrindəki sözləri dilinə aldığı üçün zəhərləndi, fikri yolunda qurban oldu, getdi... [...] Bu səbəbə görə vətəndaşımız məşhur və fazil qraf Tolstoyu kilsədən qovdular, tərd etdilər.

Zəmanə filosofa xrıstianlara nə yamanlıq etmişdi, ya edir?

Lev Nikolayeviç 1861-ci ildən bu günədək xristianları daha düz yola dəvət edir, "Siz əsil xristianlığı puç edirsiniz, İsanın sözlərini anlamırsınız" sözlərini yazır isə də "xristian hamiləri" ona "kafər" deyirlər...

Hörmətli qraf axırda "Mənim məzhəbim nədən ibarətdir" ünvanlı bir gözəl kitab yazıbdır.

Qrafın əqidə cəhəticə hamı əfkan bu kitabdadır, din və məzhəb barəsində, xüsusən xristianlıq barəsində gözəl mətləblər həll edir. "İslam öz ehkamına tabe olanlara müəyyən bir yol göstərdi, lakin "xristian hamiləri" nə qoydular? İsanın dininə təğyir verib, özlərindən təzə din düzəltdilər..." Görəsən, cənab qraf belə mətləbləri yazıb islamın bir müəyyən yol qoymağını biz islamın əməllərinə baxıb yazır, yainki Quran, məscidi nəzərindən keçiribdir, elə də gərək olsun, yoxsa hal-hazırda bizim əməllərimizdə nə bir islam nişanəsi var ki, onu gorüb belə islama qüvvət verən bir mətləb yazsın?

İndi bir yaxşı fikir ediniz: Pobedonosevlərin ağalıq vaxtlarında ilminskilərin, çerevanskilərin islamdan xristianlığa dəvət edən vaxtlar hörmətli qraf bu fikirlərini dilinə alıb "xristian" hamilərindən nə gözləyə bilərdi? Bizim təsəvvürümüzə hələ yaxşı qurtarıbdır... Biz biçarə "üç cüt, bir tək" oxumuşların da canları hələ yaxşı qurtarır. Biz fikrimizdəkini dilimizə alanda üzümüzə lənətlər yağır, canımız belə qurtarır. Nə etmək? "Bu, lənət" Tripovların patronlarından, durnovların qazamatlarından yaman deyil ki, bu "vətən hamiləri" hürriyyəti boğdularsa, siz "islam hamiləri" də fikrimizdəkini dilimizə alanda boğursunuz!

- Yox, cənab "islam hamiləri!" Siz zəmanəyə uyuşdunuz, siz yüz illər ilə islamı qaranlıqda tutmuşdunuz, siz islamda olan azadəliyi bilmərrə basdırmışdınız... İndi bəsirət gözü ilə dörd ətrafınıza baxınız. Özgə bir aləmdir, özgə bir zəmanədir! Nə əcəb, indi zamanəyə uymursunuz?

Heç olmasa, hal hazırda Tavriçeski zalda Rusiya dumasının üzvlərindən ibrət götürünüz, qulaq veriniz, nələr söyləyirlər, nərəyə getmək istəyirlər. Bu gözəl nitqləri hələ "Duma" da söyləyirlər, "parlament" olsa nələr söylənərdi! Əcəba!

Təəccüb etməyiniz, əfəndim! Bəli, parlament olsa, qeyri sözlər eşidərdiniz "Parlamentlə" "Duma"nın təfavütü çoxdur, əfəndim! "Parlament" "parl" sözündən firəngcə "söyləməyə" deyilir? Parlament, yəni söylənən yer. Bir yer ki, orada hər nə dərdin, fikrin olsa, açıq söyləyə bilərsən... Fəqət "Duma" sözü rus lisanında "fikir" deməkdir.

Yəni, nəyin barəsində və nə tövr fikir etməyə ixtiyarınız var, heç kəs mane olmaz. Lakin "fikrinizdəkini dilinizə alsanız, dərinizə saman təpərlər..." Duma parlament olmağına hələ çox qalıbdır... Çoxmu qalıbdır, azmı qalıbdır, iştə bir məsələ daha!..

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info