Qonaq Kitabı
Aşiqə birdir əzəldən sevgili dildar, bir

 

Aşiqə birdir əzəldən sevgili dildar, bir,

İkilik yoxdur arada yar birdir, yar bir.

 

Munca kim seyr eylədim, gəzdim vücudum şəhrini,

Şəhr bir, dükkan birdir, söyləyən göftar bir.

 

Aşiqi-divanəyəm, gəldim, ənəlhəq söylərəm,

Nar birdir, nur birdir, əslü rəsmi-dar bir.

 

Aşiq olanlar səxidir, aqil olanlar bəxil,

İki aşiq arasında gizlidir əsrar bir.

 

Zahidi-nadana söylən, özünü tərk eyləsin,

Bu həqiqət aləmində olmasın inkar bir.

 

İnkar əhlin söylədirsən birə yüz der, yüzə min,

Əhli-iqrarın qatında varı birdir, var bir.

 

Aşiqü mə’şuq yolunda doğrudur həq mənzili,

İki arif arasında xirqəvü zünnar bir.

 

Qəhrinə bel bağladım, lütfün görüm şayəd sənin,

Canı verdim, başı qoydum, vermişəm iqrar bir.

 

Pir birdir, sirr birdir, sirr ilə bir olmayan,

İkilik sığmaz arada, sirr ilə sirdar bir.

 

Gər Nəsiminin pənahı Şahi-Mərdandır Əli,

On səkiz min aləmə hökm eyləyən sərdar bir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info