Qonaq Kitabı
Qaluda məni saqi əsritdi şərabından

 

Qaluda məni saqi əsritdi şərabından,

İçirdi ləbi-lə’li Xızrın mənə abından.

 

Üzündəki həft ayət kim, fatihədir adı,

Tə’vili-kəlamullah açıldı kitabından.

 

Tabəndə üzün nuru, yarəb, nə günəşdir kim,

Sərgəştə gəzər, yanar gün ay ilə tabından

 

Üzün nə qızılgüldür, saçın nə qara sünbül,

Həyy oldu iki aləm reyhanü gülabından.

 

Gəl fə’təbərudan göz aç, nəzər əhlini gör,

Nə hüsn ilə çıxdı gör mə’şuqə niqabından.

 

Həq xirqəyə, ey salik, baxmaz, içini arıt,

Gir aləmi-tövhidə, çıx xirqə hicabından.

 

Ey fitnəsi çox eynin uyxuda sanan yarı,

Şol fitnə qanı kim, ol oyanmadı xabından.

 

Həşrin günəşi doğdu şamında iki zülfü,

Gəl vaqif ol, ey zahid, mizanü hecabından.

 

Təsbih ilə tamatın bazarı kasad oldu,

Dükkanını yıx anın, köç eylə xarabından.

 

Xızrın abi-heyvanı nitqidir anın gəl iç,

Gör kim, nə həyat axar mərcani-xoşabından.

 

Yarəb, necə saildir aləmdə Nəsimi kim,

Ruhül-qüdüsün nitqi bağlandı cavabından.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info