Qonaq Kitabı
TEATR BARƏSİNDƏ BİR NEÇƏ SÖZ

 

(“Teatr barəsində bir nəçə soz” məqaləsi 1899-cu ildə Bakıda Azərbaycan və rus dillərində “Gəncədə teatr barəsində deyilmiş N.Nərimanovun sözü” adı ilə çap edilmişdir. M.F.Axundovun “Hacı Qara” komediyasının Gəncədə tamaşaya qoyulması münasibəti ilə N.Nərimanovun söylədiyi nitqin mətnidir. Məqalə N.Nərimanovun “Əsərləri”ndə (Bakı, Azərnəşr, 1956-cı il) dərc olunmuşdur).

 

Komediya - yunan sözüdür. Qədim vaxtlarda komediyanı yunanlar gülüş üçün çıxardırlardı (hər bayram günü camaat şəhərin kənarına cəm olub, vaxtlarını xoş keçirməkdən ötrü cürbəcür məzəli şeylər çıxardırlardı). Bu axır vaxtda komediya çıxartmaqdan əsil məqsud tərbiyədir. İnsan çox vaxt öz zindəganlığında özünün və ya qeyri şəxsin qüsuratını görmür və yainki hiss etmir. Amma komediya çıxardanda bunların hamısını görüb yaxşını yamandan seçir və mümkün olan qədər çalışır ki, yaman sifətləri özündən rədd etsin. Bizim müsəlman arkadaşlarımız teatra çox da həvəs etməyib fikir edirlər ki, o komediya ki, oynanılır, ancaq gülüş üçündür. Bu fikirdə olanlar çox səhv edirlər, çünki komediya zindəganlığın ayinəsidir. Biz teatrda öz qüsuratımızı görüb, əlbəttə, çalışırıq ki, özümüzü yaxşı adamlara oxşadaq və pis adamlardan kənar olaq. Teatr böyüklər üçün bir növ məktəbdir. Necə ki, uşaqlar məktəbdə gözəl şeylər əxz edirlər, elə də bizlər teatrdan gözəl sifətlər əxz edirik.

Bugünkü teatrın iki nəfi var: əvvəla, budur ki, necə ki, qabaqda zikr olundu, zindəganlığımızda olan qüsuratı göstərək: məsələn, "Hacı Qara", hansı ki, bu gün oynayacaqlar, bir xəsis və tamahkar şəxsdir ki, puldan ötrü adını bədnam edir. Əvvəl sövdəgərlik edib dinc, farağat, dükənində əyləşib alış-veriş edirdi; amma sonradan tamah o qədər güc gətirir ki, qoca vaxtında qaçaqçılığa gedır. Məşhur məsəldir deyərlər: "Artıq tamah daş yarar, daş qayıdar baş yarar!" Elə də Hacı  Qara, nəinki muradına çatmadı, hətta həbsə düşdü... Əlbəttə, bu bizim üçün gərəkdir ibrət olsun. İnsan gərəkdir mümkün olan qədər zindəganlığını doğruluqda keçirə. Zira ki, yalan və əyrilik həmişə aşkar olub, insanı bədnam edir. Teatrımızın ikinci mənfəəti budur ki, bundan yığılan pul xərc olunacaq bu il müsəlman uşaqları üçün bir məktəb binası qoymağa. Məlum ola ki, hərçənd bir zaman dünyəvi elmlər müsəlman arasında intişar tapmış isə də, sonradan bir neçə səbəblərə görə elmləri əlimizdən çıxarıb yavaş-yavaş insanın ruhunu və bədənini salamat saxlayan şeylərdən iraq düşüb, indi zəlalətdə bulunuruq. Tarixə nəzər etsəniz, yəni keçən millətlərin barəsində oxusanız, yəqin edərsiniz ki, heç bir miliət qılınc və tüfəng ilə qabağa getməyibdir. Hansı millət ki, Qabağa gedıb, tərəqqi edibdir, ancaq elmin gücünə xoşbəxt olubdur. Amma o millət ki, ümidini qılınca bağlayıb, həmişə zəlalətdə bulunubdur. Hənuz zəlalətdə qalmış millətlərdən biri də bizim müsəlman millətidir. Bir dürüst nəzər edək bizim zindəganlığımıza! Oğurluq, quldurluq, adam öldürmək və cürbəcür yaman hərəkətlər bizdən baş verir.

Doğrudur, bu tövr bədbəxtlik hər millətin arasında olubdur, amma onlar bizdən tez başa düşüb, elmin dalınca gediblər və zülmətdən xilas olub işıqlığa düşüblər. Amma biz hələ qəflət yuxusuna mübtəla olmuşuq.

Heç ata-ana istərlərmi uşaqları bədbəxt olsunlar? Heç istəməz ki, oğlu qazamatda illərlə çürüsün. Amma çifayda bunların hamısını görürük və gözlərimizdən qanlı yaşlar tökülür. Bəs lazım gəlmirmi bu dərdin dərmanını tapaq? Nə vaxtadək qoca ata və analarımız sudlara düşəcəklər? Günah kimdədir? Bəyəm günah qazamatda çürüyən uşaqlarımızdadır? Xeyr. Günah özümüzdədir. Vaxtında lazım olan tərbiyəni verməyıb öz əlimizlə uşaqlarımızı oda atıb yandırırıq. Bəs bunu bilə-bilə nə üçün uşaqlarımıza elə pərvəriş verməyirik ki, nadanlığın əlindən xilas olalar?

Necə verək tərbiyə? Halbuki özümüzdə lazıın olan tərbiyə yoxdur?! Bəli, gərəkdir biz özümüz, uşaqlarımıza tərbiyə verək, ta onlar da gələcəkdə öz uşaqlarını cürbəcür bəlalardan saxlasınlar. Tərbiyə dəxi ancaq elmin gücünə olar. Ona görə lazımdır məktəblərimiz ola. Bu məqsəd ilə alicənab Gəncə mahalının qubernatoru müsəlmanların tövrbətövr bəlalara giriftar olmağı məktəb olmamaqda görüb xahiş edibdir ki, bir məktəb açılsın ki, orada bizim uşaqlar rus və türk dilini oxuyub və lazım olan tərbiyəni əxz edib, gələcəkdə həm özləri və həm ata və anaları xoşbəxt olalar.

Bu tövr camaat işləri bir adamın gücü ilə başa gəlməz. O səbəbə bu teatrı Gəncənin mərifətli və mədəniyyətli olan cavan müsəlmanları bina edibdir. Ümid edırik ki, bu təzə açılan məktəb axırıncı olmayıb, siz həzəratın köməyilə bu minval xeyir işlər çox olsun. Həzərat, genə təkrar edirəm: Məktəb! Məktəb! Bizi ancaq məktəb nadanlıqdan xilas edər!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info