Qonaq Kitabı
Daim ənəlhəq söylərəm, həqdən çü Mənsur olmuşam

 

Daim ənəlhəq söylərəm, həqdən çü Mənsur olmuşam,

Kimdir məni bər-dar edən, bu şəhrə məşhur olmuşam.

 

Qibləsiyəm sadiqlərin, mə’şuquyam aşiqlərin,

Məqsuduyam layiqlərin, çün beyti-mə’mur olmuşam.

 

Musa mənəm kim, həqq ilə daim münacat eylərəm,

Könlüm təcəlli nurudur, anın üçün Tur olmuşam.

 

İrdim qaşın me’racına kim, qabü-qövseyin oldurur,

Vüslət şəbindən gör məni, sər ta qədəm nur olmuşam.

 

Bəzmi-əzəldə içmişəm vəhdət meyinin cür’əsin,

Şol cür’ədən kim, ta əbəd sərməstü məxmur olmuşam.

 

Ey ay üzündür vəzzüha, vəlleyl imiş saçın qara,

Lə’lin mana darüş-şəfa, oldur ki, rəncur olmuşam.

 

Hər yana kim, dönər üzüm, yarı görə anda gözüm,

Çün bu qəmindən qəm yedim, şadanü məsrur olmuşam.

 

Ol şahidi-qeybi mənəm kim, kainatın eyniyəm,

Ol nitqi-rəbbani mənəm kim, dildə məzkur olmuşam.

 

Çün on səkkiz min aləmə oldu vücudum ayinə,

Ol surəti-rəhman mənəm kim, xəlqə məstur olmuşam.

 

Ol gizli gəncin sirriyəm kim, zahir oldu gövhərim,

Ol gövhərəm kim, gün kimi aləmdə məşhur olmuşam.

 

Çün mən, Nəsimi, gövhərəm, gəncim sizə faş eylərəm,

Mən bir dəli divanəyəm, gör kim, nə mə’mur olmuşam.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info