Qonaq Kitabı
Gəl gör məni eşqində kim, mən necə giryan olmuşam

Gəl gör məni eşqində kim, mən necə giryan olmuşam,

Tərk cahanı qılmışam, cismə girib can olmuşam.

 

Dərdin dərunumda mənim aləmlərə çaxdı məni,

Qabil dəlildir, dərdimə həqdir ki, dərman olmuşam.

 

Dövri-qəmərdə gözlərin bir gəz qıya baxdı mana,

Zülmündən ol xunxarənin qan ilə qəltan olmuşam.

 

Ey bağü gülzarı üzün çün cənnətül-mə’va imiş,

Sən rövzəsisən, mən sənin qapında rizvan olmuşam.

 

Ey Turi-Sina, ərzə qıl həqqin təcəllisin mana,

Musa kimi didarına müştaqü heyran olmuşam.

 

Ol dəm ki, üzün görmüşəm, yüz yerdə səcdə qılmışam,

İman şəhadət etmişəm, anda müsəlman olmuşam.

 

Ey sayeyi-rəhman mənə, ey surəti-yəzdan mənə,

Dutdum üzüm səndən sənə, çün əhli-iman olmuşam.

 

Eşqinlə mövc içində mən dişlərinin əksin görüb,

Dürdanələrdir gözlərim, lö’löi-mərcan olmuşam.

 

Könlün Nəsiminin xarab etdisə eşqin, qəm deyil,

Mən gizli gənci bulmuşam, şol gəncə viran olmuşam.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info