Qonaq Kitabı
Həq ta ki, yar oldu mənə, sər ta qədəm yar olmuşam

 

Həq ta ki, yar oldu mənə, sər ta qədəm yar olmuşam,

Ta görmüşəm didarını, müştaqi-didar olmuşam.

 

Anəstünarən sirrini Musa nə bilsin, ya şəcər,

Anı mana sorsun ki, mən ol nur ilə nar olmuşam.

 

Zikrim ənəlhəqdir mənim, həq sözlərim həqdir mənim,

Darın içində qeyrəna həm leysə-fiddar olmuşam.

 

Arif qatında mədhü zəmm bir əsl imiş, sən arif ol,

Gör kim, necə hər natiqin dilində göftar olmuşam.

 

Mail-ənəbdəndir əgər hər sərxoşun sərxoşluğu,

Mən içmişəm eşqin meyin, sərməstü xumar olmuşam.

 

Xüldün güli-xəndanıdır gülgün yanağın, ey günəş,

Bülbül kimi məstəm, anın eşqindən uş zar omluşam.

 

Gülşən kimi açılmışam buyi-gülündən arizin,

Gör kim, camalından necə fərxəndə gülzar olmuşam.

 

Mişkin saçından bulmuşam şol buyi-canəfzayı kim,

Teybindən anın sanasan teyyibü əttar olmuşam.

 

Şirin dodağın vəsfini ta söylər oldu məntiqim,

Ey Misri-hüsnün Yusifi, qəndü şəkərbar olmuşam.

 

Yarəb, nə fəttan ay imiş tabəndə üzün bədri kim,

Ənvari-tabından anın ta bəndə ənvar olmuşam.

 

Sevda meyindən sərxoşam məstanə eynintək, vəli,

Qəflət meyindən taibəm, niçün ki, huşyar olmuşam.

 

Zülfü rüxün əsrarını ta həq mana kəşf eylədi,

Üzündəyəm gənci-xəfi, zülfündə bərdar olmuşam.

 

Sərvi-güləndamın kimi aləmdə azadam, vəli

Zənciri-zülfin qeydinə möhkəm giriftar olmuşam.

 

Lö’löi-nabın vəsfini ta söylər oldu məntiqim,

Səm’ində hər siminbərin lö’löi-şəhvar olmuşam.

 

Buldu Nəsimi ta səni zatında, şəksiz-şübhəsiz,

Olmuş Nəsimidən bəri, yə’ni ki, bizar olmuşam.

 

Gəlmişəm həqdən ənəlhəq, gör nə Mənsur olmuşam,

Ruhi-qüdsün nitqiyəm, sər ta qədəm nur olmuşam.

 

Lövhi-məhfuzu mənəm, ruhül-əminin həmdəmi,

Həşr üçün mizanü Israfilü həm sur olmuşam.

 

Bavücudam vəhdəti kəsrətdə isbat eyləyim,

Musayam anəstünara, nur ilə Tur olmuşam.

 

Gərçi qaibdir vücudum hər nəzərdən daima,

Gör nə nazir, gör nə mənzər, gör nə mənzur olmuşam.

 

Laməkanın gənciyəm, gərçi yerim viranədir,

Eylərəm mə’mur anı, gör kim, nə mə’mur olmuşam.

 

Surətü mə’ni mənəm, həm ism ilə, həm cismü can,

Gör necə mə’ni ilən surətdə məstur olmuşam.

 

Şöhrət afətdir, usandım şöhrətindən aləmin,

Gərçi həm ə’ladavü əfsəldə məşhur olmuşam.

 

Atəşi-mehri-rüxün canımda tə’sir eylədi,

Mən bu oddan yanıram, yə’ni ki, məhrur olmuşam.

 

Misr came’dir vücudum, anda qıldım cüm’əyi,

Gör nə şəhrəm, gör nə möhkəm qəl’əvü sur olmuşam.

 

Zakirəm, zikr eylərəm, yə’ni ki, şeyxəm, sufiyəm,

Gör nə göyçək ad ilə aləmdə məzkur olmuşam.

 

Ey Nəsimi, cənnətü hur ol nigarın vəslidir,

Çün mən ol məhbubu buldum, cənnətü hur olmuşam.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info