Qonaq Kitabı
Ayəti-inni-ənəllaham, bu narın nuruyam

 

Ayəti-inni-ənəllaham, bu narın nuruyam,

Həm münacatü təcəlli, həm Kəlimin Turuyam.

 

Əvvəlim nun vəl-qələmdir, axırım mayəstərun,

Sureyi-mərfuəm, bu bəhrin nükteyi-məcruruyam.

 

Misrəmü həm came’əm, həm cüm’əyəm, həm adinə,

Ruhi-qüdsün nəfxəsi, həm beytinin mə’muruyam.

 

Həm imamam, həm hidayət, məhdi həm məhdiyyəti,

Həm kitabi-vəhyi-münzil, həm riqin mənşuruyam.

 

Həm həzizəm, həm ürucam, həm qərinəm, həm büruc,

Gərdişi-çərxü mədaram, şəhrinin məşhuruyam.

 

Laməkan xurşidiyəm, həm Sə’di-Əkbərdir adım,

Nəhsü kənzü təl’əti-bədri-şəbi-deycuruyam.

 

Kaf ilə nun məbdəimdir, mənşəimdir kainat,

Uşbu kövnün küntə kənzi, kənzinin məğruruyam.

 

Həm mürəkkəb, həm bəsitü həm cəvahir, həm ərəz,

Münfəsil, həm müttəsil, həm zakirin məzkuruyam.

 

Cənnətəm, həm tubiyəm, tuba ləhüm hüsnəl-məab,

Şahidəm, şahənşəhin həm şahidi, məsturuyam.

 

Zahirü batin mənəm, peydavü həm pünhan mənəm,

Məzhərəm, həm müzhərəm, həm məzhərin məzhuruyam.

 

Saqiyəm, həm sağərəm, həm səlsəbilü həm səbil,

Məndədir həm hurü qılman, həm anın məqsuruyam.

 

Həm mənəm bəzmi-əzəl, həm məndədir cami-ələst,

Həm şərabi-kövsərəm, həm xəmrinin məxmuruyam.

 

Həm munadiyü nidayam, həm ətufam, həm rəuf,

Həm qulam, həm qulların rəzzaqiyü qəyyuruyam.

 

Həm mənəm meyxanəvü künci-xərabati-əzəl,

Həm şərabam, həm anın peymanəvü ənguruyam.

 

Həm Xətayam, həm Xütən, həm nafəsi tatarının,

Çinü Maçinü Moğolçin, həm gözəl fəğfuruyam.

 

Mülki-Iran, Mülki-Turan, Mülki-Hindü Mülki-Sind

Mülki-Şamam, Mülki-qeysər, Rumiyəm, Ənkuriyəm.

 

Həm mənəm Bağdad ilə Şətt, həm xəlifə, həm zaman,

Həm ənəlhəq söylərəm, həm dar, həm Mənsuruyam.

 

Ne’mətəm, həm layəzalam, növ-növü lövün-lövün,

Qismiyəm, qəssamiyam, həm şakirin məşkuruyam.

 

Rövzənin rizvanıyam, cənnati-ədn oldu adım,

Həm xəyamü dəxi məqsurat içində huriyəm.

 

Həm hüveylayam, müqəddəs, cümlə ləzzət məndədir,

Həm mənəm balü şəkər, həm nəhlü həm zənburuyam.

 

Altı avaz, on iki pərdə yigirmi dörd şüəb,

Həm rübabü ərğənunam, çəng ilə tənburuyam.

 

Asimanam, həm zəminəm, həm bulutü həm buxar,

Əbri-neysanam, yəməm, həm lö’löi-mənşuruyam.

 

Aləmi-kübravü suğra, həm vəzi’ü həm şərif,

Aləməm, həm xəlqiyəm, qəmmariyəm, məsruruyam.

 

Həm mənəm Bilqeysi-dövran, insü cinnü vəhşü teyr,

Həm Süleymani-zamanam, həm anın dəsturuyam.

 

Həm Xəliləm, həm nicatam, həm həyatam, həm məmat,

Məqbərəyəm, həm əzabam, həm hesabam, suruyam.

 

Sən degilsən söyləyən, həqdir Nəsimi, söylədi,

Ol kim aydır həm zəminü asimanın nuruyam.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info