Qonaq Kitabı
İtirdin cami-Cəmşidi, oyan uyxudan, ey qafil

 

İtirdin cami-Cəmşidi, oyan uyxudan, ey qafil,

Nə buldun uyxudan göstər, nə qıldın uyxudan hasil?

 

Məgər həqdən ziyan gördün ki, batil qövlə yapışdın,

Çevirdin üzünü həqdən, saqın kim, həq degil batil.

 

Əzazilin sözün dutma, anın vəsfasına uyma

Ki, iblisə uyan olmaz könül məqsuduna vasil.

 

Vəfasız dünyanın mehrin gedir könlündən, aldanma

Ki, dünya əhlinə hərgiz müti’ olmaz dedim uş bil.

 

Bu taqü təmtəraqı qo ki, dövranı bu dünyanın

Keçər hər növ ilə dutsan, gərək asan, gərək müşkil.

 

Yalançı nəfsə uymuşsan, qucarsan dünyayı neyçün?

Məgər həqqi unutmuşsan ki, oldun dünyaya mail?

 

Məsihi-zat ikən, billah, nədən div olmaq istərsən?

Məgər cinnidürür əslin, deyilsən rəhmətə qabil?

 

Sədəf xas olmaz incusuz, bu rəmzi anla, fəhm eylə,

Bu sirri bilməyən bil kim, nə xaric oldu, nə daxil.

 

Bu göftarın işaratı dərindir, əql ana irməz,

Nə bilsin olmayan Məcnun ki, Leyli kimdir, ey aqil?

 

Neçə məf’ulü-faildən, neçə məs’ulü saildən,

Əgər danasan, anı bil ki, sənsən mütləqa fail.

 

Əgər gözlüsən, ey gizlü, vücudun şəhrinə gir gör

Nə mə’dənsən, nə gövhərsən, nə dəryasan, nə xoş sahil!

 

Vücudun şirkini məhv et, vücudi-vahidə fərd ol

Ki, zati-fərd vahiddən bu məsəl oldu, ol sail.

 

Nə axır sənsən ol gövhər kim, adın gizli gənc oldu,

Nədir halın kim, olmazsan özündən vaqif, ey zail!?

 

Hava camından əsrüksən, həvəs ardına düşmüşsən,

Bu ağulu şərabı qo kim, oldur şərbəti-qatil.

 

Nəsimi sirri-ma övha kəmahün gərçi şərh eylər,

Qaçan idrak edər anı özünü bilməyən cahil!?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info