Qonaq Kitabı
ƏLİQƏLƏMLİ MÜSƏLMAN ZİYALILARI HAQQINDA BİR NEÇƏ SÖZ

 

(“Əliqələmli müsəlman ziyalilari haqqinda bir neçə söz” məqaləsi “Kaspi” qəzetinin 1 fevral  1896-cı il tarixli 25-ci nömrəsində 2-ci səhifədə “N.Nərimanov” imzası ilə dərc olunmuşdur).

 

Redaksiyaya məktub 

Axır zamanlar, Zaqafqaziyanın oxumuş müsəlmanlarından bəziləri rus qəzetlərində öz məqalələrini dərc etdirirlər. Bir tərəfdən bu, əlbəttə, sevincli bir hadisədir, çünki, görünür, müsəlmanlar yavaş-yavaş mətbuat işləri ilə maraqlanmağa başlayırlar. O biri tərəfdən isə bu hadisə çox kədərlidir ki, onlar mətbuat işinin əhəmiyyətini pis anlayırlar. Hər şeydən əvvəl, şübhəsizdir ki, mətbuat müəyyən cəmiyyətə ancaq o zaman yaxşı təsir göstərə bilər ki, o, müzakirəyə qoyulan və bütün cəmiyyətə aid olan məsələyə tamamilə qərəzsiz yanaşsın və qəzetlərdə irəli sürülən fikirlər cəmiyyətin kütləsi üçün aydın olsun.

Böyük təəssüflər olsun ki, bu məqalələrdə nə birincisini, nə də ikincisini görmək olur. Bu məqalələr eyni bir xarakterdədir, yəni: mədəniyyət cəhətdən müsəlmanların geriliyi. Məsələn, rus qəzetlərinin nömrələri indi qarşımızdadır. Həmin nömrələrdə bu kimi məsələlərə toxunulur: Zaqafqaziyada ruhanilərin vəziyyəti, müsəlman qadınlarının təhsil alması zərurəti, vətən dili olan rus dilinin öyrənilməsi zərurəti daha təbii olan üsul-cədidin üstünlüyü və i. a.

Görünür ki, bu məqalələrin müəllifləri, mədəni cəhətdən geridə qalmış öz həmməzhəblərinə müəyyən bir xeyir vermək istəyirlər; onlar var qüvvələri ilə avam camaatı cəhalət girdabından xilas edib həqiqət yoluna salmağa çalışırlar. Lakin, əfsus! Bu ağaların zəhməti, xidmət etdikləri və onların gözündə cahil və dərrakəsiz görünən bir cəmiyyətə çətin azacıq bir xeyir verəcəkdir. Doğrudur, yuxarıda adları çəkilən məqalələrin məqsədi oxuyan rus camaatını Zaqafqaziya müsəlmanlarının ictimai həyatı ilə tanış etmək olsaydı, onda, əlbəttə, bundan danışmağa dəyərdi. Lakin iş bundadır ki, həmin məqalələr bu və ya başqa bir məsələnin həllində fəal iştirak etmələri lazım gəldiyi Zaqafqaziya müsəlmanlarına müraciətlə bir vəz xarakterini daşıyır. Lakin bu vəz onlara çox vaxt çatmır. Aydın olmaq üçün həmin məqalələrin məzmununu biz qısaca nəzərdən keçirək.

Müəlliflərdən biri, umumiyyətlə müsəlman ruhanilərindən danışdıqda, İran mollalarının hərəkətindən, ağzı köpüklü danışır və deyir ki, İran mollaları Zaqafqaziya müsəlmanlarının etimadından və fanatizmindən istifadə edərək onları amansızcasına və insafsızcasına istismar edirlər və hətta utanmayıb, guya müsəlman şəraitinin dünyəvi təhsilinə yol vermədiyini təbliğ edirlər... Məqalənin axırında müəllif öz həmməzhəblərindən xahiş edir ki, quldur mollaların sözlərinə qulaq asmasınlar və İran mollalarının yekə ciblərinə doldurduqları pulu, başqa, daha faydalı və xeyirli bir işə sərf etsinlər. Başqa bir müəllif qadın təhsilindən danışarkən analarımızı çox pis qələmlə təsvir edib deyir ki, analarımız öz uşaqlarına pis tərbiyə verirlər və tərbiyə verməyi bacarmırlar. Buna görə də məqalənin möhtərəm müəllifi gələcəkdə ana olacaq qızlarımız üçün təhsil almağı lazım sanır və ümid edir ki, onun səsinə səs verən olacaqdır. Üçüncü müəllif vətən dili olan rus dilini öyrənmənin faydasından danışaraq öz həmməzhəblərini, uşaqlarını rus dili məktəblərinə qoymağa çağırır və i. a.

Bu kimi məqalələri oxuduqda ixtiyarsız olaraq özünə belə bir sual verirsən: məqalələr kimin üçün və nə məqsədlə yazılır? Əgər iyirmi-otuz nəfər oxumuş müsəlmanlardan ötrü yazılırsa, biz bu yazan cənabları inandıra bilərik ki, oxumuş müsəlmanlar, müzakirə edilən bu məsələləri həmin məqalə sahibləri qədər yaxşı anlayırlar. Əgər möhtərəm müəlliflər haman sinfi nəzərdə tuturlar ki, bu məzmunda olan məqalələrin onlar üçün doğrudan da əhəmiyyəti vardır, onda biz cəsarət edib bu zəhmətin tamamilə faydasız olduğunu təsdiq edə bilərik: ona görə ki, həmin məqalələri, buna ehtiyacı olan adamlar oxumurlar, buna ehtiyacı olmayanlar oxuyurlar.

Bu məsələləri oxumuş müsəlmanlar qaldırmasa da, bəs kim qaldırar? - deyə oxucu soruşar. Bu halda bu kimi məqalələri oxumağa cəmiyyəti axı hazırlamaq lazımdır. Bunu isə birdən-birə əldə etmək üçün heç bir imkan olmadığına görə, bizim fikrimizcə, yaxşı olardı və hökumətimizin də xeyrinə olardı ki, bütün Zaqafqaziya üçün türk dilində heç olmasa bircə qəzet nəşr oluna idı və Rusiya müsəlmanlarına aid olan cari məsələlər həmin qəzetdə müzakirə oluna idi. O zaman cəmiyyətin də öz ana dilində qəzet oxuyub ondan tələb olunan şeyləri və nə də geri qaldığını bilməyə imkanı olardı. Lakin nə qədər ki, belə bir qəzet yoxdur, oxumuş müsəlmanlar, qızıl vaxtlarını müsəlmanların anlamadığı dildə faydasız məqalələr yazmağa sərf etmək əvəzinə, bu və ya digər məsələlər haqqında sadə Azərbaycan dilində kitabçalar nəşr etsələr, rus dilini öyrənməyin faydası haqqında yazsalar, daha ağıllı işlər görmüş olardılar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info