Qonaq Kitabı
Yarını satdın bahasız, bilmədin miqdarını

 

Yarını satdın bahasız, bilmədin miqdarını,

Heçə dəgməz şol kişi kim, heçə satar yarını.

 

Cövhəri nadan əlindən müştəri alur ucuz,

Cövhəri bilməz nə bilsin gövhərin miqdarını.

 

Kim ki, yarından bəqasız canını gördü əziz,

Yarını itürdi nadan, bulmadı dildarını.

 

Aşiqin əsrarını aşiq gərəkdir kim bilə,

Olmayan aşiq nə bilsin aşiqin əsrarını?

 

Kim ki, qurban olmadı yolunda şol mə’şuqənin,

Çin degil də’vası anın, heçə say iqrarını.

 

Neyləsin yarın cəfasın çəkməyən aşiq müdam,

Çünki yar istər həmişə aşiqin azarını.

 

Dara çıx, yan, ey ənəlhəq söyləyən Mənsur, əgər

Axirət darından istərsən səlamət darını.

 

Kim ki, yarın zülfün əldən qodu yüz min can ilə,

Bibəsər torpağa saldı nafeyi-tatarını.

 

Ey Nəsimi, incuyi dürrü bilən sərrafa sat,

Cövhəri nadana satma lö’löi-şəhvarını.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info