Qonaq Kitabı
Nə sidrədir ki, boyundan qiyamət oldu faş

 

Nə sidrədir ki, boyundan qiyamət oldu faş,

Görün qiyam ilə, qəddin bu sidrənin şabaş.

 

Zəhi, türab ilə əqd eyləyən yel ilə odu,

Zəhi, su üstünə yazan bu surəti nəqqaş.

 

Kimin ki, eşq ilə başı əzəldən olmadı xoş,

Xoş olmasın iki aləmdə ol bəqasız baş.

 

Kimin ki, eşqi-həqiqətdən olmadı canı,

Sən adəmi demə ana, anın adıdır daş.

 

Sücuda gəlmədi illa bu mə’nidən şeytan

Ki, ta fəqihi, xətabın ilə ola dindaş.

 

Murada irmiyəsər kimsə həqsiz, ey qafil,

Gərəksə şahi-cahan ol, gərəksə ol övbaş.

 

Kimin ki, oldu nəsibi əzəldə həqdən eşq,

Ana nə şərbətü mə’cun gərək, nə əppəkü aş.

 

Fəraşü məfrəşə fəxr etmə, aşiq ol, aşiq

Ki, aşiqin eşigində mələkdürür fərraş.

 

Qaçan tutuş olusər axirətdə ol həqqə

Kim, olmadı bu cahanda anın ilə tutaş.

 

Qələndərin sifətidir fəna ilə təcrid,

Qələndər ol, ikilikdən mücərrədü qəllaş.

 

Şərabü şahidü sufi qaçan hərif olusər,

Bu rəsmə ala boyanmış, bu alı çox qulmaş.

 

Üzündür, ey sənəm, ol müshəfi-ilahi kim,

Bilindi xətti-siyahında həm quru ilə yaş.

 

Nəsiminin sözü çün kim, bahalı gövhərdir,

Bu rəsmilən nə üçündür ki, satır anı bəlaş.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info