Qonaq Kitabı
Cana, rüxi-zülfündən əgər qılsa təəmmül

 

Cana, rüxi-zülfündən əgər qılsa təəmmül,

Təhqiq ilə isbat edədir dövri-təsəlsül.

 

Ey saqi, çü saf oldu şərabi-xümi-vəhdət,

Gəl səcdəyə fəxr eyləmə çox, qılma təəllül.

 

Gər nəfsini bildin, həqi bişübhə tanırsan,

Kim kəndözünü tanıdı ol sahibi-Düldül.

 

Məhbub səninlədirü sən qafil özündən,

Bilmən ki, nədəndir sənə bu dəglu təğafül.

 

Ta eşqi-dilaram alıbdır məni məndən,

Könlümdə nə aram qalıbdır, nə təhəmmül.

 

Güdgün üzünü görməgə bülbül kimi zaram,

Mən bülbüləm, ey dust, həqiqətdəvü sən gül.

 

Məclisdə çü saqi kimi, ey dust, Nəsimi

Dərhal sücud etdi, sürahi dedi qülqül.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info