Qonaq Kitabı
Mən ol Musayi-İmranam ki, daim aşiqi-Turam

 

Mən ol Musayi-İmranam ki, daim aşiqi-Turam,

Və leykin xeyli müddətdir cənabından ki, məhcuram.

 

Riyayi-zöhdü təqvadan kəsildim çün bəqa buldum,

Sözüm sirri-ənəlhəqdir, fəna darında Mənsuram.

 

Bu gün meyxanədə düşməz təmənnayi-şərab etmək,

Məni saqi içiribdir, əzəldən məstü məxmuram.

 

Dəxi əksüklügüm yoxdur, şikayət etməzəm, billah,

Həbibin asitanından budur eybim ki, mən duram.

 

Mənim korlar görə bilməz məqamım qansı aləmdir,

Əgər viranədir könlüm, bəğayət gəncə mə’muram.

 

Qəmimdən ağlaram hər şəb, dəmadəm xun olur çeşmim,

Nəsimiyəm ki, şövqündən iki aləmdə məhcuram.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info