Qonaq Kitabı
Dilbərin ləblərinə çeşmeyi-heyvan demişəm

 

Dilbərin ləblərinə çeşmeyi-heyvan demişəm,

Mə’dəni-ruha, əcəb, mən nə üçün can demişəm?

 

Xəcil oldum bu səbəbdən ki, nigarın üzünə

İrəmin gülşəniyü rövzeyi-rizvan demişəm.

 

Sənsən, ey surəti-Allah ilə rəhman, məscud,

Qılmayan səcdə sana, div ilə şeytan demişəm.

 

Lövhi-məhfüz ilə ərş oldu yanağın sifəti,

Mən bu mə’nidən ana surəti-rəhman demişəm.

 

Sürətin əhsəni-təqvimü üzün qiblə imiş,

Bu sözə yox deyənin adını heyvan demişəm.

 

Surətin münkirinə kafirü məl’un dedi həq,

Nə ki, ana dedi həq, mən iki çəndan demişəm.

 

Güli-xəndan deməzəm qönçəyə ayrux, nə üçün

Ki, yanağın güli-xəndanına xəndan demişəm.

 

Sədəfin içinə kar eylədi, incu əridi

Ki, ləbin cövhərinə lə’li-bədəxşan demişəm.

 

Demə hər tikənə sən bağü gülüstan, əbsəm

Ki, mən ol arizi-gülguna gülüstan demişəm.

 

Zülfünü nafeyi-tatara bəha qılma ki, mən

Qiymətin hər qılının mülki-Süleyman demişəm.

 

Ey Nəsimi, sana çün Fəzli-ilah oldu müin,

Məni eyb eyləmə kim, tapuna sultan demişəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info