Qonaq Kitabı
Əlminnətilillah ki, bu gün yarımı buldum

 

Əlminnətilillah ki, bu gün yarımı buldum,

Könlümdə duran dilbərü dildarımı buldum.

 

Dəgməz mana bir pula cahan varlığı ilə,

Neçün ki, gözəl sikkəli dinarımı buldum.

 

Torpaq ikən ol Zöhrə mana Müştəri oldu,

Dəllala çağırgil de ki, bazarımı buldum.

 

Firdövsə məni də’vət edən zahidə söylə,

Ol tikənə göz dikmə ki, gülzarımı buldum.

 

Yusif yeridir kim, mana qul yazıla, çünkim,

Misrində ləbi tüngi-şəkərbarımı buldum.

 

Faş eyləməzəm razımı naməhrəmə, çünkim,

Məhbubi-əmin, məhrəmi-əsrarımı buldum.

 

Bəxtim günəşi doğduvü uyxudan oyandı,

Mə’nisi bu kim, dövləti-bidarımı buldum.

 

Bağdada gəl, ey qasid, ilət şol xəbəri kim,

Şol şö’bədəçi dilbəri-əyyarımı buldum.

 

Ey nəqdini tərrara verən uyxulu qafil,

Şol üzüqəmər türreyi-tərrarımı buldum.

 

Mənsur kimi məndən əgər çıxdı ənəlhəq,

Ey xacə, itab eyləmə kim, darımı buldum.

 

Gər Musa kimi aşiq isən üzünə anın,

Gör səndə səni, söylə ki, didarımı buldum.

 

Verdi saçının küfrünə imanı Nəsimi,

Ey xirqə geyən, mən dəxi zünnarımı buldum.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info