Qonaq Kitabı
Nə hüsn olur, bu nə surət, zəhi behişti-nəim?

 

Nə hüsn olur, bu nə surət, zəhi behişti-nəim?

Nə lütf olur, bu nə mə’ni, zi rəbbi-ərşi-əzim?

 

Könül səba nəfəsindən dirildi, can buldu,

Qara saçın qoxusundan nə bu gətirdi nəsim.

 

Nəsimi-zülfünə baş ilə can nisar edərəm,

Nə simü zər kimi layiqdir ol nəsimə nəsim.

 

Görün bu çeşmeyi-heyvanləbi ki, şə’nində

Gəlibdir ayəti-yöhyülizamü vəhyi-rəmim.

 

Müsəlləm oldu sənə dilbəri cahanda bu gün

Kim, ay ilə günəş oldu camalına təslim.

 

Əzəldə var idi eşqin bu can içində mənim,

Zavala olmaya qabil binayi-əhdi-qədim.

 

Gərəksə cövr ilə öldür, gərək məni yandır,

Nə qayğu oddan ana kim, əti bəqəlbi-səlim.

 

Müəttər eylədi zülfün şəmimi afaqı,

Və laəcibə minəl-ətri an yəfuhə şəmim.

 

Yolunda qoydu Nəsimi cahan ilə canı,

Təfavüt etməz anı gər qəbul qılsa kərim.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info