Qonaq Kitabı
Qulluğa bel bağladım, sultanı gözlər gözlərim

 

Qulluğa bel bağladım, sultanı gözlər gözlərim,

Dərdinə tuş olmuşam, dərmanı gözlər gözlərim.

 

Gözlərim gözləri gözlər həzrətini şahımın,

Necəsi gözləməsin, sübhanı gözlər gözlərim.

 

Gördügüm ol, bildigim ol, istəgim həm oldurur,

Əvvəl oldur, axır oldur, anı gözlər gözlərim.

 

Mən də şahın yoluna canımı qurban etmişəm,

Eşq ilə girdim yola, meydanı gözlər gözlərim.

 

Cür’eyi-eşqin dilər ki, könlümə mehman ola,

Xidmətə bel bağladım, mehmanı gözlər gözlərim.

 

Gecələr yahu deyib hər dəm təmənna eylərəm,

Rəhmətindən umaram, rəhmanı gözlər gözlərim.

 

Ey Nəsimi, sidq ilə yolunda xak olmaq üçün

Can elindən gəlmişəm, cananı gözlər gözlərim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info