Qonaq Kitabı
Vəhdəhü laşərik ilə şübhəsiz iştə zatam

 

Vəhdəhü laşərik ilə şübhəsiz iştə zatam,

Yə’ni kim, ibtidasız zatamü həm sifatam.

 

Yeddi dayə dörd ana doqquz atadan bərü

Həştü çəharü pəncəm uş yenə şeş cəhatam.

 

Qaynadı çün tənurum eşq ilə cuşa gəldi,

Gör bu tufan içində Nuhamü həm nicatam.

 

Gərçi türabü suyam mə’nidə, ey xəbisə,

Bil ki, iki cahanda təyyibü tahiratam.

 

Nurü nəharü leyləm, kəşfəm iki cahanda,

Qədrə irişdim iştə qədrəmü həm bəratam.

 

Əbcədəmü hecayam, hərfəmü sətri-katib,

Lövhəmü həm mürəkkəb, kilkəmü həm dəvatam.

 

Faili-mütləqəm mən, həqləyəmü həqəm mən,

Də’vidə ismi-məf’ul mə’nidə failatam.

 

Gərçi dəmi-Musayam nurilə nar içində,

Həm bir ölü dirildən Isayi-mö’cüzatam.

 

Ərşü günəşü fərşü ərzü səmadan bərü

Eşqilə layəmutəm, əqlilə həm həyatam.

 

Gör ki, məni nə bəhrəm qətreyi-eşq içində,

Dəcləvü Şəttü Ceyhun, həm Ərəsü Fəratam,

 

Həqdən enən kəlamam, yəni ki, lamü beydən

Elmü kitabü hərfəm, ayatü bəyyinatam.

 

Qibləyəm, həm imamam, Kə’bəyəm, ey səfasız,

Sövməmü həm səlatam, eydəmü həm zəkatam.

 

Müşrik olub bu gunə baxma gəl, ey yəqinsiz,

Ayəti-fəthi-babam, sureyi-mürsəlatam.

 

Nəsimiyəm ki, hər şey, külli-mühit oldum,

Həm bilənə həll oldum, bilməzə müşkilatam.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info