Qonaq Kitabı
Tərk eyləməz can eşqini, min gəz gər anı yaxasan

 

Tərk eyləməz can eşqini, min gəz gər anı yaxasan,

Hicrində layiq görmə kim, hər dəm bu canı yaxasan.

 

Ey istəyən didarını, Musa kimi mə’şuqənin,

Vacib budur eşqində kim, canı, cahanı yaxasan.

 

Axırzamanın fitnəsi, bürqə camalından götür,

Ta eşqə üzərlik kimi pirü cavanı yaxasan.

 

Ey eşqə münkir müddəi, gir aşiqin tövhidinə,

Ta sərbəsər içindəki şirkü gümanı yaxasan.

 

Anəstünarın sirrini faş etdi şəm’indən üzün,

Ta nuruna pərvanətək kövnü məkanı yaxasan.

 

Ey qiyməti eşqin gühər, könlümdür onun mə’dəni,

Çün kan gərəkdir gövhərə, niçün bu kanı yaxasan?

 

Namü nişanü şöhrətin afətdir əhli-eşq üçün,

Var, ey könül, cəhd eylə kim, namü nişanı yaxasan.

 

Canıma eşqin odu çün kar eylədi, yaxdı tamam,

Şimdi gərəkdir, qaliba, bağrımda qanı yaxasan.

 

Ey axıdan dürdanəyi kirpiklərindən dəmbədəm,

Eşqin odundan qorxuram k’abi-rəvanı[i] yaxasan.

 

Ey lata tapan bibəsər, gəl gör bu mahın surətin,

Ta latü üzza başına deyri-muğanı yaxasan.

 

Çaxdı Nəsiminin dili Allahi-nurun sirrinə,

Ey nari-qüdsi, qandasan, ta ol zəbanı yaxasan.

 



[i] K’abi rəvanı - Ki abi-rəvanı, axar suyu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info