Qonaq Kitabı
Ey bərgüzidə surət, cansan, vəli nə cansan!

 

Ey bərgüzidə surət, cansan, vəli nə cansan!

Həm ism ilə müsəmma, həm cism ilə rəvansan.

 

Abavü ümühatdan sənsən xülasə, şəksiz,

Ey kainata məqsəd, məqsudi-kün-fəkansan.

 

Çeşmü rüxün süfatı kövnü məkana sığmaz,

Ey gövhəri-yeganə, sən gənci-laməkansan.

 

Leylü nəhar içində şəmsü qəmər kimi uş,

Hər yana kim, baxarsam eynül-yəqin əyansan.

 

Qərq eylədi camalın nurunda kün-fəkanı,

Ey gövhəri-həqiqət, şərh eylə kim, nə kansan?

 

Ərzü səmada yoxdur bir zərrə səndən ayru,

Ey cümlənin vücudu, bacümlə dərmiyansan.

 

Hər şeydə gərçi sənsən, ey məh, günəşdən əzhər,

Ə’ma sanır ki, gözdən laşey kimi nihansan.

 

Üzün kitabi-münzəl, zülfü rüxündür ayət,

Ey xaliqin kəlamı, dilimdə tərcümansan.

 

Həq surətində insan sənsən gələn cahana,

Ey Tanrının süfatı, aləmdə cavidansan.

 

Canü cahanı sənsiz neylər mühübbi-sadiq,

Ey aşiqin həyatı, həm canü həm cahansan.

 

Sevdalı nərgisindən düşdü cahana qovğa,

Ey hüsn içində fitnə, sərfitneyi-zamansan.

 

Qandırdı kainatı qəndü nabata lə’lin,

Ey xosrovi-məlahət, şirin, şəkərdəhansan.

 

Hüsnün təcəllisindən gəldi vücuda aləm,

Ey vaiz, əbsəm ol kim, yalançı qissəxansan.

 

Həqdən gələn kəlamın mö’cüzdür, ey Nəsimi,

Sənsən ki, küntü kənzin əsrarına bəyansan.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info