Qonaq Kitabı
Cahanı tərk edib bezdim cahandan

 

Cahanı tərk edib bezdim cahandan,

Cahan oldum, cahan oldum haçandan.

 

Əgər məhbuba istərsən ulaşmaq,

Gəlib keçmək gərəksən kün-fəkandan.

 

Cahanın səhl imiş sudü ziyanı,

Qo anın assisin, qurtar ziyandan.

 

Əgər cinni degilsən, adəmi bil,

K’anın əsli nədəndir, söylə andan.

 

Gümandan bilmədi heç kimsə həqqi,

Yəqindir kim, yəqin bitməz gümandan.

 

Gülü bitməz tikənsiz dünyanın çün,

Gülü tərk eylə, keç cövri-tikandan.

 

Dodağı candır ol şirindəhanın,

Məgər qafildir ol şirindəhandan?

 

Əyan oldu üzün, yarəb, saqınsın

Camalın fitneyi-axırzamandan.

 

Qamudan keçmişəm lillahi-fillah,

Məgər şol türreyi-ənbərfəşandan.

 

Əleyna cəm’əhü bəs latəhərrik,

Günəş müstəğnidir şərhü bəyandan.

 

Yerü gög dolu həqqin ayətidir,

Vəli gözsüz xəbərsizdir nişandan.

 

Nəsiminin muradı çün sən oldun,

Nəzər qət’ eylədi kövnü məkandan.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info