Qonaq Kitabı
Ey qəflətin meyindən məstü xərabü heyran

 

Ey qəflətin meyindən məstü xərabü heyran,

Gər həqqi tanımışsan, qanı dəlilü bürhan?

 

Nəfsi-xəbisə uymaq nadanların işidir,

İşin nədir gör axır, fikr eylə, olma nadan?

 

Çün hər nə kim, əkərsən, anı biçərsən axır,

Dünyada əkmə anı kim, adı oldu üsyan.

 

Tərk eylə səyyiatı, saleh əməl qazan kim,

K’anın cəzası həqdən həm lütf imiş, həm ehsan.

 

Əyyamını həyatın badi-həvaya vermə

Kim, itirən həyatı üqbadadır peşiman.

 

Müflis ticarət eylər sərmayəsiz və leykin,

Sə’yi əbəsdir anın, sevdası cümlə xüsran.

 

Naqis vücuda çün kim, nöqsan gəlir həmişə,

Cəhd eylə kamil ol kim, gəlməz kamala nöqsan.

 

Dünyayi-dun qəmindən sayru olub sararma,

Aləmdə kimsə çün kim, bulmaz bu dərdə dərman.

 

Hirsü həsəd sifatın tərk eylə, ayrıl andan,

Neçin kim, ol sifətdən nacidir ayrılan can.

 

Çün əscədu buyurdu adəm qatında həq, gəl

Həqqin xitabına uy, qıl səcdə, olma şeytan!

 

Divin libasını qo, Xızr ilə yoldaş ol kim,

Zülmətdə zahir olmaz heyvana abi-heyvan.

 

Həqqin rizasın istə, qüfranə qabil ol kim,

Şol uca qədrü bəxtin kəsbi degildir asan.

 

Əbd olma, ey Nəsimi, fani cahana çün kim,

İmanü din içində sənsən əmirü sultan.

 

Olmazsa mülkü malın, andan nə qəm, nə qüssə,

Övladi-təyyibinsən, həm adəmü həm insan.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info