Qonaq Kitabı
Ey binəzirü vahid, hüsnün camal içində

 

Ey binəzirü vahid, hüsnün camal içində,

Üzün qiyamət eylər xoş xəttü xal içində.

 

Sübhi-əzəldə hər kim buldu səninlə vüslət,

Qaldı səninlə daim eyşi-vüsal içində.

 

Mən məndə həqqi buldum, həqqəl-yəqin həq oldum,

Uyxuda qaldı münkir nəqşü xəyal içində.

 

Ey aləmin həyatı, eşqin nə nar imiş kim,

Qərq eylədi cahanı abi-zülal içində.

 

Fərdiyyətin kamalı oldu sənə müsəlləm

Kim, qayətə irişdi hüsnün kamal içində.

 

Ağzınla zülfi-mişkin müşkati-nuri-həqdir,

Gəl həqqi xəlqə göstər şol mimü dal içində.

 

Ey istəyən liqayı, yarın günündə həqdən,

Fərdaya düşmə, qalma fikri-məhal içində.

 

Üzünlə xəttü xalın şol şəmsi-xavəridir,

Heç kimsə görməz anı hərgiz zaval içində.

 

Üzün şəmayilindən, qaşın dəlayilindən

Qövğayi-fitnə düşdü bədrü hilal içində.

 

Ruhül-əminə sordum əsrarını dodağın,

Nitqi dutuldu, qaldı ol bu sual içində.

 

Eşqin qəmidir, ey can, şadlığı əhli-eşqin,

Şad olmayan bu qəmdən qalsın məlal içində.

 

Ey məkr içində sufi, aldanmaz ala, dilbər,

Get, ömrünü çürütmə təzvirü al içində.

 

Şol qəmzə şivəsindən bir hala düşmüşəm ki,

Baxan bu hala, istər düşmək bu hal içində.

 

Üzün kimi Nəsimi, ey xubların əmiri,

Xurşidi-ləmyəzəldir miğü zilal içində.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info