Qonaq Kitabı
Yoxdur vəfası dünyanın, aldanma anın alına

 

Yoxdur vəfası dünyanın, aldanma anın alına,

Rəngindən oldu münfəil, hər kim boyandı alına.

 

Nəqdi dəğəldir dünyanın, anınla bazar eyləmə,

Niçün ki, hər kim qəlb ilə eylərsə bazar, alına.

 

Çün cümlə qiylü qal imiş darül-qürurun hasili,

Şol bisəbatın düşməgil bihudə qiylü qalına.

 

Arısı yalandır, saqın, dadlusına aldanma kim,

Acıdır anın şəkkəri, ağu qatılmış balına.

 

Əsli dənidir dünyanın, zatında yoxdur bir əlif,

Tərkibinə gəl bax anın, şol yavü nunü dalına.

 

Fani cahanın sevgisi damu odudur yandırır,

Qaç ol qarıdan, ey könül, aldanma zülfü xalına.

 

Möhnətdir anın dövləti, zəhmətdir anın həşməti,

Müdbirdir ol kim, bağladı qəlbin anın iqbalına.

 

Təzvirü böhtandır işi, həm qövlü fe’li müxtəlif,

Halın sana şərh eylədim, fikr eylə anın halına.

 

Divi-rəcimin atıdır əmmarə nəfsin mərkəbi,

Tərk eylə divin atını, yapışma anın yalına!

 

Möhkəm oyunçudur fələk, mənsubəsindən gəl saqın,

Ey bibəsirət, bax anın şol surəti-əhvalına.

 

Şol bimisalın eşqinə verdi Nəsimi könlünü,

Dünya nola, ya axirət kim, qala mülkü malına?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info