Qonaq Kitabı
Sən sana gər yar isən var, ey könül, yar istəmə!

 

Sən sana gər yar isən var, ey könül, yar istəmə!

Yarü dildar ol sana, sən yarü dildar istəmə!

 

Bivəfadar çün bu aləm, kimdən istərsən vəfa?

Bivəfa aləmdə sən yari-vəfadar istəmə!

 

Gül bulunmaz bu dikənli dünyanın bağında çün,

Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə!

 

Mə’rifətdir xalis altun, sikkəsi fəzlü hünər,

Altunu tanı, zəğəldən ari dinar istəmə!

 

Həqqə münkirdir fəqih, inanma ol şeytana kim,

Yoxdur ol cinxilqətin zatında iqrar, istəmə!

 

Ari göftar, ey könül, gerçəklərin nitqidürür,

Hər diliəgridə yoxdur ari göftar, istəmə!

 

Cifədir dünya, anın talibləri adı kilab,

Olma kəlb anın kim, oldu adı murdar, istəmə!

 

Şərbəti ağuludur fani cahanın, sən anın

Şərbətindən nuşudaru umma, zinhar istəmə!

 

Dünyanın sevgisi ağır yük imiş, məndən eşit,

Nəfsini yük etmə ana, ey səbükbar, istəmə!

 

Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün,

Xəlqə faş etmə bu rəmzi, kəşfi-əsrar istəmə!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info