Qonaq Kitabı
Çarə yoxdur yara, əbsəm, ey könül, yar istəmə!

 

Çarə yoxdur yara, əbsəm, ey könül, yar istəmə!

Dərdə çün dərman bulunmaz, rəncə timar istəmə!

 

Dünyanın yarından istərsən vəfa, əqlin qanı,

Hasil olmaz nəsnəyi, fikr eylə, zinhar, istəmə!

 

Münkirin iqrarı yoxdur həqqə, ey sahibnəzər,

Həqqə iqrar eylə sən, münkirdən iqrar istəmə!

 

Möhnəti çoxdur cahanın, zülmətindən gəl, saqın,

Ey gözüm aydınlığı, zülmətdən ənvar istəmə!

 

Güzgünü arıtmayınca, ey liqadan bixəbər?

Surətin görmək təmənna etmə, didar istəmə!

 

Dünyanın miqdarı yoxdur, gər bilirsən qədrini,

Qədrinə inanma, andan qədrü miqdar istəmə.

 

Dəgmə naməhrəm nə bilsin aşiqin əsrarını,

Məhrəm ol, əsrara gir, ya məndən əsrar istəmə.

 

Bunca möhnət çəkməyincə hər dikəndən bir zaman,

Bülbüli-aşiq kimi çağırma, gülzar istəmə!

 

İstəyən murdarı kərkəsdir müdam, ey türfə quş,

Həzrətin şahbazı ol, yə’ni ki, murdar istəmə!

 

Varlığı fanidir, ey qafil, bəqasız dünyanın,

Şol bəqasızdan bəqa mümkün degil, var, istəmə!

 

Gərçi həqdən vahid oldu nur ilə anəstunar,

Ey Nəsimi, çün ulaşdın nuruna, nar istəmə!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info