Qonaq Kitabı
Nə tubadır boyun, yarəb kim, irdi ərşə balası

 

Nə tubadır boyun, yarəb kim, irdi ərşə balası,

Nə sünbüldür saçın gör kim, cahanı tutdu sevdası.

 

Günəş təl’ətli üzündür bu gün aləmdə, ey dilbər

Ki, hər mə’nidə kamildir, bulunmaz mislü həmtası.

 

Nə yəğmaçı moğolçindir gözün, yarəb ki, dövründə

Yayılmışdır yasağından yedi iqlimə yəğması.

 

Sədəfdən gərçi, ey dilbər, çıxar qiymətli incular,

Vəlakin özgə cövhərdir dişin lö’löi-lalası.

 

Camalın vəslini həqdən dilər aləmdə hər aşiq,

Vəli şol dürri-məknunun bulunmaz qə’ri-dəryası.

 

Qaradır geydigi ya gög həmişə zahidin, yarəb,

Nə matəm düşmüş ana kim, tükənməz heç anın yası?

 

Şərabü şahidin zikri dilimdən getmədi ta kim,

Məni sevdadan əsritdi nigarın eyni-şəhlası.

 

Riyalı zahidin daim işi təzvirü iğvadır,

Vəli kar etməz ol divin mana təzvirü iğvası.

 

Qül Allahümmə malik çün mana tə’vizi-hirz oldu,

Xilas oldum yüvəsvisdən, gedir sən də bu vəsvası.

 

Bu gün-fərdadan, ey vaiz, məni qorxutma, əbsəm dur

Ki, qorxusuzdur ol arif ki, imruz oldu fərdası.

 

Üzün lövhündə, ey huri, ilahı görməyən qafil,

Yəqin kim, güzgüsü anın üzündən getməmiş pası.

 

Nəsimi çün səni buldu, irişdi cümlə məqsuda,

Muradı cümlə xətm oldu, tamam oldu təmənnası.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info