Qonaq Kitabı
Mərhəba, insani-kamil, canımın cananəsi

 

Mərhəba, insani-kamil, canımın cananəsi,

Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?

 

Vəchini səb’ül-məsani oxuyan gündən bəri,

Gör ki, nə divana düşmüş aşiqin divanəsi.

 

Ta səqahüm şərbətindən içdi bu xəstə könül,

Seyri-öv ədnayı buldu, qaynadı xümxanəsi.

 

Çün bizə mə’lum olubdur mə’niyi-ümmül-kitab,

Arifəm, səm’imə sığmaz zahidin əfsanəsi.

 

Şol Xızır biçarə içmiş abi-heyvan dedilər,

Ta ləbin eyninə irməz, yoxdur onun xanəsi.

 

Əhsəni-təqvim bilən nəçük ənəlhəq deməsin?

Bəs nədən bərdar olubdur Mənsurun divanəsi?

 

Kafirin bütxanəsi var, mö’minin – Beytülhəram,

Aşiqin yar eşigidir Kə’bəvü bütxanəsi.

 

Şəm’i-vəhdətdir camalın, söhbəti rövşən qılır,

Qarşıda xoş-xoş yanadır Seyyidin pərvanəsi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info