Qonaq Kitabı
Yarə qılan vəfasını, yara qılır cəfasını

 

Yarə qılan vəfasını, yara qılır cəfasını,

Ey dil, anın cəfasına qatlan, unut vəfasını!

 

Kim ki, irişmək istədi uca boyun vüsalına,

Oldu həmişə fərz ana çəkmək anın bəlasını.

 

Dərd ilə xoş keç, ey könül, qəmdən usanma, çün bilir

Aşiqi-dərdiməndinə dərdi verən, dəvasını.

 

Zülfü qaşın qarasına bağlamayan kişi könül,

Bilməmiş ol üzüqara, zülfü qaşın qarasını.

 

Vəslü fəraqa vasitə çünki qədərdir, ey könül,

Cəhd ilə kimsə qadirin mən’ edəməz qəzasını.

 

Kövnü məkana vəslini qiymət edüb, bəha qılan,

Yoxdur anın gözündə nur, bilməz anın bəhasını.

 

Ta bilələr ki, az imiş aləmə feyzin, ey günəş,

Yerdəvü gökdə göstərər mehri-rüxün ziyasını.

 

Kə’bə üzündür, ey sənəm, üzünə səcdə eylərəm,

Hacısıyam bu Kə’bənin, mən bilirəm səfasını.

 

Ayinəsində görməyən surəti-nəqşini əyan,

Ayinədən gedirməmiş ol qaragünlü pasını.

 

Zülfi-dütasını anın kövnü-məkana, ey könül,

Al və iki cahana sən vermə bir incə tasını.

 

Canıma şol ala gözün eylədigi cəfaları

Ol nə bilir ki, görməmiş gözlərinin alasını.

 

Gərçi ətasıdır cəfa aşiqə şol vəfasızın,

Can ilə istər, ey könül, aşiq anın ətasını.

 

Çinü Xətaya surətin nəqşini göndər, ey sənəm,

Ta büti-Çinə tapanın göstərəsən xətasını.

 

Gərçi sözü Nəsiminin qabili-kimiya imiş,

Tuncü hədidə sanma kim, xərc edə kimyasını.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info