Qonaq Kitabı
Aşiq qatında küfr ilə islam birdir

 

Aşiq qatında küfr ilə islam birdir,

Hər qanda məskən eyləsə aşiq əmirdir.

 

Mə’şuqənin nəziri bulunmaz cahanda çün,

Tanı anı bu vəchilə kim, binəzirdir.

 

Bütxanə ilə Kə’bəyi surətdə fərq edən,

Mə’nidə baliğ olmamış ol, gərçi pirdir.

 

Ey qanıma təfail üçün qür’əyi salan,

Döndərmə falını ki, mübarək zəmirdir.

 

Eşqin yolunda üzünü xak eyləyən fəqir,

Adı cahanda xosrövi-sahibsərirdir.

 

Dünyada mülkə, mala sən aldanma, ey məlik

Kim, dünyanın mətahi bəğayət həqirdir.

 

Tozlu cahana silkin ətək kim, nəiminə

Hər bibəsər kim, oldu müqəyyəd əsirdir.

 

Ey Kə’bənin camalına aşiq, niyaz ilə

Meydani-eşqə gəl ki, müğilan hərirdir

 

Müştaqa dilpəzirdir anın cəfaları,

Mə’şuqədən həmişə cəfa dilpəzirdir.

 

Hər kimsənin ki, üzünə açıldı gözləri,

Sahibbəsirət olduvü adı bəsirdir.

 

Afaqa düşdü ğülğülə hüsnündən, ey qəmər,

Afaqa baxü gör ki, nə ahü nəfirdir.

 

Tərh eylədi Nəsimi yolunda vücudunu,

Gör anı kim, nə möhtəşəm olmuş fəqirdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info