Qonaq Kitabı
Mən mülki-cahan, cahan mənəm mən

 

Mən mülki-cahan, cahan mənəm mən!

Mən həqqə məkan, məkan mənəm mən!

 

Mən ərş ilə fərşü kafü nunam,

Mən şərhü bəyan, bəyan mənəm mən!

 

Mən kövnü məkanü kün-fəkanam,

Bilgil ki, nişan, nişan mənəm mən!

 

Mən surəti-mə’nidə həqəm həq,

Mən həqqi-əyan, əyan mənəm mən!

 

Bir gövhərəmü qədim əzəldən,

Ey gövhəri-kan, kan mənəm mən!

 

Mən atəşi-nuri-eşqi-həqqəm,

Musaya zəban, zəban mənəm mən!

 

Mən cümlə cahanü kainatam,

Mən dəhrü zaman, zaman mənəm mən!

 

Mən ayəti-müshəfü kitabam,

Ey nöqtədəhan, dəhan mənəm mən!

 

Mən qövs ilə həm kamanü tirəm,

Ey tirü kaman, kaman mənəm mən!

 

Cəmşidi-zamani-aləm oldum,

Cəmşidi-zaman, zaman mənəm mən!

 

Mən nəqşü xəyalü xəttü xalam,

Mən hərfü lisan, lisan mənəm mən!

 

Mən gənci-nihani, küntə kənzəm,

Mən gənci-nihan, nihan mənəm mən!

 

Mən zatü sifati-kün-fəkanam,

Mən ruh ilə can, can mənəm mən!

 

Mən kafirə mövt, müsibət oldum,

Mö’minə iman, iman mənəm mən!

 

Mən cənnətü abi-kövsər oldum,

Ey səhni-cinan, cinan mənəm mən!

 

Mən bəhri-mühitü həm giranam,

Ey bəhri-giran, giran mənəm mən!

 

Mən sirrəmü tövhidəm, hədisəm,

Həm qeybü güman, güman mənəm mən!

 

İnsanü bəşərsən, ey Nəsimi,

Həq der ki, haman, haman mənəm mən!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info