Qonaq Kitabı
Dünü gün müntəzirəm mən ki, bu pərgar nədir?

 

Dünü gün müntəzirəm mən ki, bu pərgar nədir?

Günbədi-çərxi-fələk, gərdişi-dəvvar nədir?

 

Bu doquz çərxi-müəlləq nədən oldu tərtib,

Fələk altında dönən kövkəbi-səyyar nədir?

 

Musiyü Tür nədir, Şibliyü Mənsur nədir,

Əjdəha olan ağac, riştə ilən dar nədir?

 

Fələkin əsli nədəndir, mələkin nəsli nədən,

Adəmin surətinə bunca tələbkar nədir?

 

Kə’bəvü deyr nədir, qeyr nədir, seyr nədir?

Məscidü bütkədəvü xirqəvü zünnar nədir?

 

Elmü-Qur’anü hədisü xəbərü və’z ilə dərs,

Cümlə bir mə’ni imiş, bunca bu təkrar nədir?

 

Dinü imanü namazü həcü ərkanü zəkat,

Zöhdü təqvavü şəriət, qamu göftar nədir?

 

Kim ki, pərvanəsifət eşqə yaxılmaz nə bilir,

Ol nə bilsin özünü, bilmədi kim, nar nədir?

 

Bir məgəs təb’inə bax, bal nədən, zəhr nədən,

Yenə bir yerdə əcəb, mal nədir, mar nədir?

 

Odü su, torpağü yel adı nədəndir adəm?

Ana səcdə nə üçün, iblisə inkar nədir?

 

Günəşin qürsü nədən yer üzünə şö’lə verir,

Ya bu bir məş’ələdə nur nədir, nar nədir?

 

Kim ki, bilməz özünü, bilməyə pirlər sözünü,

Kəndisin anlamayan bilmədi hər kar nədir.

 

Gəlgil, ey dust, qamu müddəilər korluğuna,

Sana asan qılayım, bunca bu düşvar nədir?

 

Kim ki, pərvanəsifət eşqə yaxılmaz nə bilir,

Surəti-şəm’idə bu pərtövi-ənvar nədir?

 

Tərk evində sən əgər həmçü Nəsimi olasan,

Bir gün ola deyəsən, cübbəvü dəstar nədir?

 

Dərdü qəm ilə yandı könül, yar bulunmaz,

Çox darü diyar istədi, dəyyar bulunmaz.

 

Yaram, deyici çoxdurur, amma bəhəqiqət,

Fürsət gəlicək, yari-vəfadar bulunmaz.

 

Adət budurur kim, dili dildara verərlər,

Dil getdi əlimizdənü dildar bulunmaz.

 

Neçə kişilər də’viyi-islam edər, amma

Tək arada bir xaç ilə zünnar bulunmaz.

 

Hər bihünər, insafı yox uş mənsəbi tutdu,

Sahibhünərə mənsəbi-idrar bulunmaz.

 

Hər kişidə bir cübbəvü dəstar olur, amma

Min başda biri layiqi-dəstar bulunmaz.

 

Çün çərxi-fələk cahilü nadan sevər oldu,

Pəs lacərəm uş fəzlə xəridar bulunmaz.

 

Tərrar gər aparsa qamu rəxti rəvadır,

Çün qafilədə bir kişi bidar bulunmaz.

 

Xəlqin əməli azdı, könül yıxıcı öküş,

Bir xəstə könül yapıcı me’mar bulunmaz.

 

Var, dərdə təhəmmül qılü səbr eylə cəfaya,

Çün dil diləyi əndəkü bisyar bulunmaz.

 

Zərq işi, riya üştə kasad eylədi fəzli,

Elm əhlinə bir rövnəqi-bazar bulunmaz.

 

Var özüni faş etmə, Nəsimi, kişiyə kim,

Aləmdə bu gün məhrəmi-əsrar bulunmaz.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info