Qonaq Kitabı
HEKAYƏTİ-XIRSİ-QULDURBASAN

 

Yəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti üç məclisdə bəyan olub itmamə yetir.

 

 ƏFRADİ-ƏHLİ-MƏCALİS

 

D i v a n b ə y i.

K a m a l o v - onun dilmancı.

M ə ş ə d i   Q u r b a n.

T a r v e r d i - onun oğlu.

P ə r z a d - onun qardaşı qızı.

N ə c ə f.

N a m a z.

Z a l x a - onun arvadı.

B a y r a m - cavan oğlan.

V ə l i  X a t u n  o ğ l u.

O r u c   N ə s i b  o ğ l u.

S o n a - Pərzadın qayınanası.

K o x a.

M a t v e y - kazak.

Frans Foxt - hafizi-canəvəran.

K ə r i m - yasavul.

Tərəkəmələr və kazaklar.

 

 

ƏVVƏLİMCİ MƏCLİS

 

Əvvəlimci məclis vaqe olur dərənin içində, bir böyük palıd ağacının dibində ki,  Pərzad oturubdur daş üstündə, yanında qıvraq geyinmiş və yaraqlanmış Bayram gözün ona dikmiş.

 

B a y r a m. Axır ki, bu palıd ağacının dibində mənə müyəssər oldu ki, səninlə görüşüb, danışıb ürəyimi boşaldım. Niyə geri baxırsan?

P ə r z a d. Ay  aman, qorxuram!

B a y r a m. Qorxma, mən səni çox əyləmənəm. İndi Pərzad, mənə de görüm, sən gedəcəksən Tarverdiyə, bu tata arvad olacaqsan, sonra qızlar içində  güvənəcəksən  ki,   guya  sənin dəərin var?

P ə r z a d. Nə eləyim, əlimdən nə gəlir? Atam ölübdür, bir  anam ilə qalmışam əmimin ixtiyarında; qardaşım yox, bir köməyim yox. Əmim istərmi ki, məni özgəyə versin, atamdan qalan sürünü, ilxını özgəyə tapşırsın?

B a y r a m. Bəs məlum olur ki, əmin səni axtarmır, ancaq sənin sürün, ilxın axtarır. Onun üçün istir səni öz oğluna, o tacikə[i], o maymağa verə ki, ömründə bir sərçə vurduğu, bir quzu oğurladığı yoxdur?

P ə r z a d. Neyləyim, yazını pozmaq olmaz. Həlbət mənim də qabağımda belə yazılmışmış ki, gərək mən təcik arvadı olaydım.

B a y r a m. Yəni nə dərddir? Tacikə arvad olmaqdansa, özünü bu gölə tullayıb boğulsan, yey deyilmi?

P ə r z a d. Əlbəttə, yüz qat boğulmağım Tarverdiyə arvad olmaqdan yeydir. Səndən çəkinirəm. Əgər  sən rüsxət versən, bir  gün bu dərd ilə özümü sağ qoymanam!

B a y r a m. Allah eləməsin, söz gəlişi mən belə deyirəm. Sən olmayandan sonra dəxi mən niyə dünya üzündə gəzirəm? Sənin ölümünə heç vaxt razı ola bilmənəm və Tarverdiyə də arvad olmağına tablaşmanam! Günü sabah bir güllə Tarverdinin böyrəyinə vurram, sonra özümün də başıma hər nə gəlsə gəlsin.

P ə r z a d. Bəs elədə bir güllə də mənə vur, məni də öldür, səndən sonra mən dəxi niyə gərək dünyada sağ qalam!

B a y r a m. Sən nə üçün sağ qalmayasan? Sən sağ qalarsan, sonra barı bir başqa abırlı, vuran, yıxan oğlana gedərsən, heç olmasa tay-tuş tənəsi çəkməzsən.

P ə r z a d. Ay Bayram, allahı sevirsən, mənim ürəyimi qana döndərmə! Mənim öz dərdim özümə bəsdir. Əgər mən vuran -yıxan oğlana nəsib olsaydım, sənə nəsib olardım.

B a y r a m.  Mənə nəsib olmağın öz əlindədir, əgər istəsən.

P ə r z a d. Necə öz əlimdədir?

B a y r a m. Belə ki, mənə izin ver, səni götürüm qaçım.

P ə r z a d. Hara?

B a y r a m. Qarabağa, İrəvana, başqa uzaq yerə.

P ə r z a d (bir az fikir edib). Xeyr, anam razı olmaz. Anamın gözünün ağı-qarası bir mənəm. Məni uzaq aparsan, anamın günü qara olar.

B a y r a m. Bəs qoy səni aparım mahalımızın o biri başına.

P ə r z a d. Eh, o boş işdir! Əmim dövlətli, zorlu kişidir. Bu yaxında heç vaxt məni sənin əlində qoymaz. Başına yüz min qalmaqal açar, üstünə təqsir yıxar, divana salar, nə bilim, nə elər...

B a y r a m.  Bəs necə gərək olsun? Sən gedəsən Tarverdiyə arvad olasan, mən də qıraqdan baxam?!

P ə r z a d.  Bəs nə qayırım? Bir yol göstər, mən elə edim.

B a y r a m. Çox yaxşı, əgər mən bir hiylə qayıram ki, Tarverdi aradan çıxa, sən azad qalasan, ona razısanmı?

P ə r z a d. Bəşərti ki, Tarverdini öldürmək olmaya.

B a y r a m. Yaxşı, öldürmək olmasın. Belə ola ki, Tarverdi burdan uzaqlaşa, özgə yerə düşə.

P ə r z a d. Yaxşı, buna mən razıyam.

B a y r a m. Bəs dur get Namaz arvadı Zalxanı bura göndər gəlsin, onunla danışım.

P ə r z a d. Bu saatda göndərrəm (getmək istəyir).

B a y r a m (onun əlini tutub). Bir dayan, söz deyirəm!

P ə r z a d. Nə deyirsən?

B a y r a m. A zalım, mənim ürəyim od tutub alışır, yanır, elə məni belə qoyub gedirsən?

P ə r z a d.  Bəs necə eləyim?

B a y r a m. Barı ürəyimə bir az su səp get!

P ə r z a d. Odur, su qabağında çaydan axır, iç nə qədər istəyirsən.

B a y r a m.  Mənim ürəyimin yanğısı su ilə sönən yanğıdır?

P ə r z a d.  Bəs nə ilə sönər?

B a y r a m.  Bir cüt öpüş ilə...

P ə r z a d (əlini dartır). Eh, bəsdir, sən allah hələ zarafat vaxtı deyil; qoy gedim, indi mənim dalımca gələn olar.


B a y r a m  onun boynun qucaqlayıb  bir cüt öpüş alır, buraxır. P ə r z a d tullana-tullana obaya qaçır.


B a y r a m (dalısınca). Zalxanı tez göndər, burda gözətləyirəm! (Yalqız). Ax, Tarverdi, Tarverdi! Güman edirsən ki, Pərzadı qoyacağam sənə gedə? Bu gədə qəribə axmaqdır! Bir fikir eləmir ki, axır nə hünərim var mən Bayram ilə meydana girəm? Onun kimi ata bilmənəm, vura bilmənəm, iki atın arpasın bölə bilmənəm, adım bir qoçaqlıqda söylənməyib, bir quldurluqda çəkilməyib, ömrümdə bir at oğurlamamışam, bir öküz qovmamışam, gecə vaxtı qorxudan alaçığın çətənindən başımı dişqarı çıxara bilmənəm. Bu ürək ilə necə Bayram kimi adamım sevgilisinə göz dikirəm. Vallah, əgər Pərzad izin versə, bir gün onu sağ qoymanam!

 

Bu halda Z a l x a dalısı tərəfindən.


Z a l x a. Salaməleyk, Bayram. Kimlə gap eyliyirsən?

B a y r a m (dalı çevrilib). A, Zalxa, sənsən? Kim ilə gap eyləyirəm? Tarverdinin qarasınca söylənirəm.

Z a l x a. Tarverdi sənə nə eləyibdir?

B a y r a m. Dəxi nə eyləyəcəkdir? Günümü qara edib, səbrü qərarımı kəsibdir; nə gündüz dincələ bilirəm, nə gecə yata bilirəm. Az qalıb dəli-divanə olub Məcnun kimi dağa-daşa düşəm, Kərəm kimi alışam, yanam!

Z a l x a. Axır niyə, nə səbəblə?

B a y r a m.O səbəblə ki, bu təcik, bu maymaq istir ki, Pərzada ər ola. Sən allah, Zalxa, doğru söylə, Pərzad kimi qız heç rəvadırmı ki, belə təcikə gedə?

Z a l x a. Kim deyir ki, Pərzad Tarverdiyə gedəcəkdir? Pərzadın ürəyin mən bilirəm. O səndən başqa bir adama ölsə də getməz. Tarverdi onun gözündə çibincə də görükmür.

B a y r a m. Bundan nə hasil ki, Tarverdi onun gözünə çibincə də görükmür? Amma çibin şirinə həris olan kimi, Tarverdi Pərzada hərisdir! Bugün-sabahdır, atası Məşədi Qurban kəbinin kəsdirib ona verəcək.

Z a l x a. Qızın könlü olmasa, necə onu ərə vermək olar?

B a y r a m. Eh, Zalxa, nə danışırsan? Allahı sevirsən, qız uşağının əlindən nə gələcək? Onun xahişinə kim baxacaq? Əvvəldən bir az uf-tuf elər, sonra çarəsi kəsilər, tən qəzaya verər, ancaq mən ah-zar ilə dərdə giriftar qallam.

Z a l x a. Bəs sənin fikrin nədir?

B a y r a m. Mənim fikrim budur ki, indidən başımın çarəsini görəm. Tarverdini aradan götürəm!

Z a l x a. Yəni onu öldürəsən?

B a y r a m. Yox, ona Pərzad razı olmur, mən özüm də səlah görmürəm. Öldürməkdən nə hasil? Mən özüm də qanlı-qaçaq ollam. Pərzad mənim əlimdən də çıxar.

Z a l x a. Doğru deyirsən. Bəs necə Tarverdini aradan götürmək istirsön?

B a y r a m. Bax, mən necə onu aradan götürmək istəyirəm. O sizə çox gəlir, sənin kişin Namaz ilə çox gəzir. Əgər sən və Namaz mənə kömək edib bir iş eləsəniz, özümün kürd atımı bağışlaram Namaza və bir yanı buzovlu inək də sənə verrəm.

Z a l x a. Doğrudan bir inək?

B a y r a m. Şəksiz, şübhəsiz!

Z a l x a. Yanında da buzovu?!

B a y r a m. Bəli, buzovu ilə, inan ki, doğru deyirəm.

Z a l x a. Biz nə gərək edək?

B a y r a m. Məsələn, Tarverdini bir bəhanə ilə evinizə çağırın, inandırın ki, Pərzad səndən ötrü biixtiyardır, amma sənə gəlməyə tay -tuşunun tənəsindən qorxur; ondan ötrü ki, deyirlər, sən bir təcik və qorxaq adamsan. Hamı bilir ki, sənin əlindən heç bir iş gəlməz; bir oğurluqda, bir quldurluqda, bir qoçaqlıqda adın çəkilməyibdir. Atmağın məlum deyil, vurmağın məlum deyil. Hansı qız sənin kimi oğlanı sevər? Sən də bir hünər göstər, bir adam soy, pul gətir, parça gətir, ya bir at oğurla, ya bir mal oğurla, desinlər ki, filankəs də bu hünərin sahibidir. Ondan sonra qız da öyünsün ki, sənin kimi əri var. Tarverdi axmaqdır, bu sözlərin hamısına inanacaq, sarsaqlıq edib özün salacaq xata-balaya, Pərzad qalacaq mənə.

Z a l x a. Vallah, yaxşı fikir edibsən! Sənin kimi oğlandan ötrü gərək çalışam.

B a y r a m. Dürüsət anladınmı dediyim sözləri?

Z a l x a . Xatircəm ol!

B a y r a m. Sonra hər nə olsa, mənə bildirərsən?

Z a l x a. Gedib divanbəyinə xəbər verəcəksən?

B a y r a m. Yox, çuğulluq peşəsini üstümə götürmənəm. İş özü öz başına açılar. Ancaq mən istərəm xəbərdar olam, ürəyim bir az toxtiya.

Z a l x a. Çox yaxşı, sonra hər nə olsa, sənə bildirrəm. İndi gedirəm, işim var, mal gələn vaxtdır.

B a y r a m. Get, al bu yaylıq da sənə peşkəş olsun.

Z a l x a. Ba, nə yaxşı yaylıqdır! İçindəki nədir?

B a y r a m. İçindəki kişmişdir; onu da ver uşaqlarına.

Z a l x a. A kişi, oğul sənin kimi olmaq gərək! Sənin qadan dəysin Tarverdinin böyrəyinə! Ömründə onun əlindən mən bir çürük alma da almamışam. Sağlıq ilə qal, muradına yetiş! (Gedir).

B a y r a m (dalısınca). Vədini unutmayasan!

Zalxa (geri dönüb). Sən də bir inək demisən, sən də unutma!

B a y r a m.  Bəli, bir südlü, cins inək ki, misli olmaya!

Z a l x a. Yanında da buzovu!

B a y r a m. Əlbəttə, buzov ilə!

Z a l x a. A kişi, sənin kimi qoçaq oğlanı sevməmək olurmu? Sağlıq ilə qal, şahbazım!

B a y r a m. Get, xoş gəldin! Allah, indi nə qayırım? Gedim dərədə barı ovdan-zaddan axtarım, bir az fikrimi dağıdam.

 

Vəzi-tamaşaxana təğyir tapıb, Namazın evinin surəti bərpa olur. N a m a z və Z a l x a.

 

N a m a z. Sən deyirsən ki, bu işdən ötrü Bayram özünün kürd atını mənə bağışlayacaqdır?

Z a l x a. Şəksiz bağışlayacaqdır!

N a m a z. Ağlım kəsmir, Bayrama əlli qızıl mənim yanımda sanadılar, kürd atını satmadı. Onu mənə peşkəş elərmi?

Z a l x a. Pərzaddan ötrü o indi canından keçər; at, mal nə şeydir?

N a m a z. Bəlkə allada, sonra verməyə?



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info