Qonaq Kitabı
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

 

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.

 

Ərş ilə fərşü kafü nun məndə bulundu cümlə çün,

Kəs sözünüvü əbsəm ol, şərhi-bəyana sığmazam.

 

Kövni-məkandır ayətim, zatidürür bidayətim,

Sən bu nişanla bil məni, bil ki, nişana sığmazam.

 

Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,

Həqqi bilən bilir ki, mən zənnü gümana sığmazam.

 

Surətə baxü mə’nini surət içində tanı kim,

Cism ilə can mənəm, vəli cism ilə cana sığmazam.

 

Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsinciyəm,

Bunca qumaşü rəxt ilə mən bu dükana sığmazam.

 

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,

Gövhəri-kan mənəm, mən uş, bəhrəvü kana sığmazam.

 

Gərçi mühiti-ə’zəməm, adəm adımdır, adəməm,

Tur ilə künfəkan mənəm, mən bu məkana sığmazam.

 

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,

Gör bu lətifəyi ki, mən dəhrü zamanə sığmazam.

 

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,

Surəti gör bəyan ilə, çünki bəyana sığmazam.

 

Zat iləyəm, sifat ilə, gülşəkərəm nabat ilə,

Qədr iləyəm bərat ilə, bəstə dəhana sığmazam.

 

Nara yanan şəcər mənəm, çərxə çıxan həcər mənəm,

Gör bu odun zəbanəsin, mən bu zəbana sığmazam.

 

Şəhd ilə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm,

Ruhi-rəvan bağışlaram, ruhi-rəvana sığmazam.

 

Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm,

Dövləti-cavidan mənəm, ayinədana sığmazam.

 

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,

Məndən uludur ayətim, ayətə, şana sığmazam.

 




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info