Qonaq Kitabı
SƏRGÜZƏŞTİ-VƏZİRİ-XANİ-LƏNKƏRAN

 

Yəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir.

 

 

 ƏFRADİ-ƏHLİ-MƏCALİS

 

Lənkəran vilayətinin xanı.

M i r z ə   H ə b i b - onun vəziri.

Z i b a    x a n ı m - vəzirin əvvəlimci hərəmi.

Ş ö l ə   x a n ı m - vəzirin istəkli ikimci hərəmi.

N i s ə    x a n ı m - Şölə xanımın bacısı ki, qızdır, vəzirin evində olur.

P ə r i    x a n ı m - Şölə xanımın anası ki,  o da vəzirin evində olur.

T e y m u r    ağa - xanın qardaşı oğlu ki, Nisə xanıma aşiqdir.

H a c ı   S a l a h - tacir.

A ğ a   B ə ş i r - vəzirin naziri.

H e y d ə r - vəzirin fərraşı.

K ə r i m - vəzirin mehtəri.

X a c ə   M ə s u d   Q a r a - vəzirin xacəsi.

S ə l i m    b ə y - xanın eşik ağası.

Q ə d i r   b ə y - onun naibi.

S ə m ə d   b ə y - xanın fərraşbaşısı.

Ə z i z    a ğ a - xanın pişxidmətbaşısı.

Vəzirin  bir  neçə  başqa  fərraşları  və  bir  neçə bəylər.

Xanın bir neçə başqa fərraşları.

Bir neçə ərizəçilər xan imarətində.

 

 

ƏVVƏLİMCİ MƏCLİS

 

Əvvəlimci məclis əlli il bundan əqdəm, dəryayi-Xəzərin kənarında, Lənkəran şəhərində, vəzir Mirzə Həbibin evində vaqe olur. Vəzir oturubdur ikinci arvadının otağında, qabağında əl-əl üstə, Hacı Salah durubdur.

 

V ə z i r. Hacı Salah, eşitdim ki, Rəştə gedirsən, doğrudurmu?

H a c ı  S a l a h. Bəli, ağa!

V ə z i r. Hacı Salah, sənə bir qulluq buyuracağam, gərəkdir bitirəsən. Onun üçün səni çağırtmışam.

H a c ı   S a l a h. Buyur, ağa, can-baş ilə bitirməyə hazıram!

V ə z i r. Hacı Salah, gərəkdir Rəştdə bir nimtənə tikdirəsən. Yeri abi zərbəftdən ki, misl və bərabəri bu vaxtadək Lənkəranda görünməmiş ola; xülasə -

 

Bir nimtənə kim, ta ola zərbəftü nikutər,

Diba ona möhtac.

Mətnində tamam rabitə mövzun sərasər,

Tək haşiyə qıyqac.

Üstündə onun aşiqü məşuq müsəvvər,

Dil şövqünə minhac.

Ulduza şəbih nəqşi, yeri göy kimi əxzər,

Nəzzarəsi bəhhac.

Tiri-nəzəri əhli-təmaşaya müqərrər,

Hər butəsi amac.

İçində onun şölə verə tələti-dilbər,

Tabəndeyi-vəhhac.

 Görən deyə bu mahdır, ol, çərxi-pürəxtər,

Ya bəhri-pürəmvac.

Kəbə evinin örtüyünə tuta bərabər,

Simasının hüccac.[i]

 

Elə ki, hazır olar, iyirmi dörd dana dəxi qızıl düymə toyuq yumurtasından kiçik, göyərçin yumurtasından böyük, zərgərə kəsdirib, yaxasına düzdürüb, özünlə bərabər qayıdanda gətirərsən. Bu da sənə əlli qızıl (Pulları kağıza bükülü qabağına qoyur). Əgər çatmasa, artığın da qayıdandan sonra karsazlıq edərik. Tezmi qayıdacaqsan?

H a c ı  S a l a h. Bir ayadək qayıdaram, başqa bir işim yoxdur. Nəqd pul aparıram, ipək alıb yola düşəcəyəm. Amma, ağa, nimtənənin ölçüsü məlum olsa idi çox yaxşı olardı. Orda tikdirdim, bəlkə dar oldu, gen oldu; ya uzun oldu, gödək oldu, qulluğunuzda müqəssir ollam.

V ə z i r. Eybi yoxdur, bir az gen və uzun tikdir; əgər burada düz gəlməsə, düzəldərik.

H a c ı   S a l a h. Ağa, olmazmı parçasın və düyməsin gətirdim, burada hər kəs ki, geyəcək, onun əyninə görə biçdirib tikdirdəsiniz?

V ə z i r. Ax, qəribə kişisən! Örgənibsiniz çox danışmağa ki, öz mərifətinizi bildirəsiniz. Qərəzin budur ki, mən mətləbi vazeh açıb sənə danışam? A kişi, heç bilirsənmi ki, onu burda biçdirib tikdirsəm, nə qalmaqala düşəcəyəm?

H a c ı   S a l a h. Xeyr, ağa, mən nə bilirəm?

V ə z i r. Bəs gərək piş əz vəqt səni mətləbdən xəbərdar edəm və illa gedib bazarda demiyən adam qoymazsan ki, vəzir mənə belə-belə qulluq buyurubdur. Sonra qulaq dincliyi bizə haram olar. Əzizim, mətləb budur ki, Novruz bayramına iki ayqalıbdır. Mən istəyirəm ki, bayramda bir qəribə nimtənə Şölə xanıma bağışlayım. Əgər onu burda tikdirsəm, Ziba xanım da bir eləsini istəyəcək. Ona da tikdirsəm, izafə xərcdir, çünki ona yaraşmaz. Tikdirməsəm, baş ağrısından, qalmaqaldan xilas olmayacağam!

H a c ı  S a l a h. Ağa, bağışlayanda da genə Ziba xanım bir eləsini istəməzmi?

V ə z i r. Allahu əkbər, xata-balaya düşdük! Olan, sənlik nə var? Sənə hər nə buyururam, elə eylə!

H a c ı  S a l a h. Baş üstə, ağa!

V ə z i r. Bağışlayanda mən deyəcəyəm ki, bacım, Hidayət xanın arvadı bu nimtənəni Şölə xanıma sovqat göndəribdir; onda Ziba xanım məni müqəssir görməz. Bu sözləri burda bir kimsəyə söyləsən, vay sənin halına!

H a c ı   S a l a h. Xeyr, ağa, mənim nə həddim var ki, sənin sirrini xalqa yayam?

V ə z i r. Di get, mürəxxəssən!

 

Hacı Salah baş vurub otaqdan çıxır, sonra tez  Ziba  xanım otağın o birisi qapısını bərk ikiəlli açıb çığıra-çığıra içəri girir, vəzir qorxub səksənib geri baxır.

 

Ziba  x a n ı m. İstəkli arvadına yaxası qızıl düyməli nimtənə buyurursan; barakallah sənin kişiliyinə!.. Deyəcəksən də ki, bacın onu Şölə xanıma sovqat göndərib, barakallah! Bacını mənə tanıdırsan? Sənin bacın xəsislikdən pəniri şüşəyə qoyub çöldən əppək batırır, elə oldu ki, əlli-altmış tümənlik nimtənə sənin arvadına sovqat göndərdi?

V ə z i r. Arvad, nə danışırsan? Necə nimtənə? Necə sovqat? Dəli olubsan?

Z i b a   x a n ı m. Mənə fəndü fel gəlmə! Əvvəldən axıradək Hacı Salah ilə danışığını eşitmişəm. Hacı Salahı çağıranda sümüyüm duymuşdu; xəlvət gəlib o biri qapının dalısından pusurdum. Allah mübarək eyləsin, arvadına yaxası qızıl düyməli nimtənə... Teymur ağanın gözü aydın olsun ki, sevgilisinə təzə nimtənə buyrulur ki, geysin, onun qabağında süzsün.

V ə z i r. Arvad, nə yava-yava danışırsan? Məgər heç utanmırsan ki, mənim üzümə qarşı arvadıma böhtan deyirsən? Mənim namusumu batırırsan?

Z i b a   x a n ı m. Sənin namusunu mən batırsaydım, mən də bir oğlan sevərdim. Sənin namusunu arvadın Şölə xanım batırır ki, gecə-gündüz Teymur ağa ilə qol-boyundur. Qaravaşım neçə kərə gözilə görübdür.

V ə z i r (rəngi təğyir tapmış). Mən hərgiz sənə və sənin qaravaşına inanmanam!

3 i b a   x a n ı m. Bu sözü yalnız biz demirik. Tamam Lənkəran bu işi bilir. Sənin gözün örtülüb, uyubsan bu çənginin məkrinə, felinə, təmiz adını-sanını itiribsən.

V ə z i r. Şölə xanım nə tanıyır Teymur ağanı? Harda görübdür onu?

Ziba  x a n ı m. Sən özün tanıdıbsan, özün göstəribsən!

Vəzir (qaim sövt ilə). Mən tanıtmışam? Mən göstərmişəm?

Ziba  x a n ı m. Bəli, sən tanıdıbsan, sən göstəribsən! Sən deyilmidin ki, oruc bayramında gəlib arvadına dedin ki, xan qala qırağında bəy uşaqlarını bir-birilə güləşdirir; sən və bacın Nisə xanım xacə və qaravaşınızla gəlin qala divarının dalısında, mərdrovda fərş saldırıb oturun, tamaşa edin!? Olar da yola düşüb getdilər. Orda Teymur ağa, iyirmi beş yaşında cavan, gözəl oğlan, tamam bəy uşaqlarını basıb. Şölə xanım bir könüldən min könülə ona aşiq və giriftar olub. Axır kim bilsin nə hiylə edib onu ələ alıbdır ki, bir gün görməsə, aramı yoxdur. Sənə demədimmi, kişi, bu əlli yaşında yengi yetişmiş qız almaq sənə yaraşmaz? Sözümə qulaq asmadın, indi çək, əzabındır!

V ə z i r. Yaxşı, çıx get, dəxi bəsdir, işim var, kağız yazacağam.

 

Ziba xanım çıxıb gedir.

 

V ə z i r (yalqız). Əqlim kəsmir ki, Şölə xanım bu işin sahibi ola, amma çox ehtimalı var ki, Teymur ağanın gücü ona xoş gəlib, cahıl qız uşağıdır, saymazyana tərifini onun-bunun yanında dilinə gətiribdir. Bu arvad xayınlıqla bunu sövgülülüyə həml edib, biçarəyə quyu qazır. Bəhər-hal, gərəkdir ki, Şölə xanıma inandırmaq ki, Teymur ağa çəndan güclü deyil, o basdığı uşaqlar tamam colma-cocuq idilər, bəlkə bu tədbir ilə dəxi Teymur ağanın vəsfi onun dilinə gəlməyə. Bəs durum gedim xanın yanına, sonra qayıdıb gəlləm otağına, görüm necə eylərəm. (Ayağa durur, istir getsin, Ziba xanım girir içəri).

Z i b a   x a n ı m. Bu gün nahara, şama nə buyurursan, hazır etdirim?

V ə z i r. Zəhirmar, zəqqum! Sən mənə belə xörək yidiribsən ki, bir ay  da yeməsəm acımanam. (İstir gedə, otağın ortasında bir xəlbir düşmüş imiş, gözü qapıda, fikirli getdiyi yerdə ayağını xəlbirin sağanağının bir başına basır, o başı qalxıb taraq dəyir onun dizinə. Uf edib dizin tutur, əylənir, qaş-qabağı tökülmüş, üzün arvadına tutub çığıra-çığıra). Bu xəlbir burda nə qayırır?

Z i b a   x a n ı m (təəccüblə). Mənim heç xəbərim yoxdur!

V ə z i r. Fərraş!

 

Heydər   fərraş   dəhlizdən   otağa   daxil   olub, əl-əli üstə baş əyir. Ziba   xanım  üzün örtüb, çəkilir otağın bir tərəfinə.

 

V ə z i r (acıqlı). Heydər, bu xəlbir otağın içində nə qayırır?

F ə r r a ş. Ağa, sübhdən mən otağı süpürürdüm. Mehtər Kərim əlində xəlbir bura gəldi, bir az danışdı, sonra getdi, məlum olur xəlbiri burda qoyub gedibdir.

V ə z i r. Bu saatda mehtəri buraya çağır.

 

Fərraş gedir.

 

V ə z i r. Mehtərin mənim otağımda nə işi var? Xəlbiri mənim otağımda nə qayırır? Bu gün hər tərəfdən mənə inciklik üz verir. Hər vaxt ki, mən bu xarab olmuş otağa gəlləm, heç bir xətadan xali olmanam.

Z i b a   x a n ı m. Əlbəttə, ondan ötrü ki, bu otaqda Şölə xanım yoxdur! Çünki belədir, dəxi bura niyə gəlirsən? Həmişə get Şölə xanımın otağına.

 

Fərraş və mehtər daxil olurlar.

 

V ə z i r (acıqlı). A gədə, Kərim, sənin mənim otağımda nə işin var? Sənin yerin töylədir. Sən nə cürət edib mənim otağıma ayaq basırsan?

M e h t ə r. Ağa, mən bir dəqiqə gəlmişdim Heydərdən soruşam ki, cənabınız bu gün atlanacaqsınızmı? Soruşdum və tez çıxdım, getdim.

V ə z i r. Bəs bu xəlbiri bura niyə salıb gedirsən?

M e h t ə r. Xəlbir əlimdə idi, atlara arpa xəlbirləyib verəcəkdim. Yadımdan çıxıb burda qalıbdır.

V ə z i r. Sonra niyə gəlib aparmadın?

M e h t ə r. Burda qaldığı ağlıma gəlmirdi, elə indiyədək xəlbiri axtarırdım.

V ə z i r (fərraşa). Səndə ağıl harda idi, haramzada! Heydər, bu saatda nazir Ağa Bəşiri bura çağır və çubuq və fələqqə də özünlə gətir, bir üç nəfər dışqarı fərraşlara da de, bura gəlsinlər.

Fərraş gedir.

 

M e h t ə r (başlayır titrəməyə və ağlamağa). Ağa, xanın başına çevir məni!

V ə z i r (qeyzlə). Kəs səsini, it oğlu it!

M e h t ə r (başlayır ökküldəməyə). Ağa, qurbanın olum, qələt eləmişəm, atan goruna bağışla məni! Atam ilə, babam ilə qələt eləmişəm, dəxi heç vaxt buraya ayaq basmanam!

V ə z i r. Səsin kəs, eşşək toxumu, eşşək!

 

Bu halda nazir Ağa Bəşir, Heydər fərraş qoltuğunda bir dəstə çubuq, əlində fələqqə və başqa üç nəfər fərraş daxil olurlar, baş əyirlər.

 

Vəzir (fərraşlara). Yıxın naziri, ayağın salın fələqqəyə!



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info