Qonaq Kitabı
UŞAQ VƏ PUL

 

Küçədən bir çocuq yüyürdü evə,

Bir bumajnik bulub dedi bu nevə:

 

“Ana, gəl, gəl ki, dövlətə çatdıq,

Pullu olduq, səadətə çatdıq!”

 

Dedi xatun ki: “Söylə, ey fərzənd,

Noldu kim, olduq indi dövlətmənd?

 

Görəyim, ver, nədir, nədir bu, oğul?”

Dedi: “Buldum bunu içi dolu pul;

 

Yol gedən bir qoca kişi nagah

Düşürüb keçdi, olmadı agah.

 

Görmədən kimsə mən qoşub aldım,

Tez qaçıb kəndimi evə saldım”.

 

Anası oğlunun cimayətini

Görərək zahir etdi nifrətini;

 

Dedi: “Oğlum, nə sərd imiş qanın

Ki, buna qazı oldu vicdanın?

 

Tifli-məsum ikən günah etdin,

Kəndi vicdanını təbah etdin.

 

Niyə verdin fənayə doğruluğu,

İrtikab eylədin bu oğruluğu?

 

Hiç zənn etməm, özgənin mali

Bizi zəngin qılıb, edə ali.

 

Yox, yox, oğlum, inan ki, xar oluruz!

Ərzəli-əhli-ruzigar oluruz!

 

Xain olsaq əgər bu dünyadə,

İrzü namusumuz gedər badə;

 

Gözümüz müntəhayi-zillətdən

Baxamaz kimsəyə xəcalətdən;

 

Gərçi pul çox fərəhfəzadır, oğul,

Leyk namus pək bəhadır, oğul!”

 

 

Ilk dəfə “Füyuzat” jurnalında (23 noyabr 1910, â„– 6) “Ə. Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info