Qonaq Kitabı
MƏKTƏB ŞAGİRDLƏRİNƏ TÖHFƏ

 

Ey uşaqlar, uşaqlı əyyami, -

Gələn əyyamın ondadır kami.

 

Kim ki, qeyrətlə zəhmətə alışar,

Kəsbi-irfanə ruzü şəb çalışar, -

 

Zəhməti mayeyi-səadət olar,

Yaşadıqca həmişə rahət olar.

 

Kim ki, tənbəlliyə məhəbbət edər,

Daim əyləncələrlə ülfət edər.

 

Keçirir vəqtini cəhalət ilə,

Bütün ömrü keçər səfalət ilə.

 

İştə, övlad, siz bu halı görün,

Bu iki vazeh ehtimalı görün;

 

Vəqtdən daim istifadə edin,

Elm təhsilini iradə edin;

 

Çalışın, biniyaz olun, çalışın!

Elm ilə sərfəraz olun, çalışın!

 

Gələcək günlərin səadətini –

Qazanın fəzlü fəxrü izzətini.

 

Sizdədir millətin ümid gözü, -

Hal ilə söyləyir sizə bu sözü.

 

Dinləyin yanğılı sədalərini!..

Eşidin atəşin nəvalərini!..

 

Oxuyun, millətin nicatı olun!

Ta əbəd baisi-həyatı olun!

 

 

İlk dəfə “Səda” qəzetində (25 fevral 1910, â„– 46) “Balaxanı məktəbi müəllimlərindən Ə.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info