Qonaq Kitabı
MƏKTƏB UŞAQLARINA TÖHFƏ

 

Doğar insan ata ocağında,

Bəslənər validə qucağında.

 

Ata hər gün gedər işə, çalışar,

Nə qədər zəhmət olsa da, alışar.

 

Sevməəz kəndi istirahətini,

Arar övladının səadətini.

 

Işləyər, cismi qan-tərə boyanar,

Hər nasıl olsa da, çörək qazanar.

 

Ana övlada vəqf edər özünü –

Yumamaz, yummasa uşaq gözünü;

 

Sübhətək binəva çəkər zəhmət,

Kəndi övladına verər rahət;

 

“Layla-layla” deyə çəkər keşiyin,

Min məhəbbətlə yelləyər beşiyin.

 

Ah, bizlər çocuq ikən nə qədər

Vermişik valideynə rəncü kədər.

 

Şimdi biz onları əvəz edəlim,

Onların xahişincə yol gedəlim.

 

Soralım hər zaman rizalərini,

Alalım xeyrli dualərini.

 

“Payi altındadır behişt ananın” –

Bu hədisi-şərifdir, inanın!

 

Bizə lazımsa həqqə qul olalım,

Valideynə müti oğul olalım.

 

Ataya hörmət etməyən çocuğun,

Anaya xidmət etməyən çocuğun

 

Nə olur kəndi nəfsinə xeyri,

Nə də ondan vəfa görər qeyri!

 

Şübhəsiz, xüsrdən kənar olamaz,

Iki dünyadə bəxtiyar olamaz.

 

 

İlk dəfə “Səda” qəzetində (14 fevral 1910, â„– 37) “Balaxanı məktəbi müəllimlərindən Ə.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info