Qonaq Kitabı
CÜTCÜ

 

Çıxdı günəş, doldu cəhan nur ilə,

Cütcü sürür tarlada cüt şur ilə.

 

Atlar, öküzlər kotana güc verir,

Gah yürüyür, gah yıxılır, gah durur.

 

Cütcü batıb qan-tərə, yer şumlayır,

Şumladığı tarlasını tumlayır.

 

Olsa da artıq nə qədər zəhməti –

İşləməyə var o qədər qeyrəti.

 

Çünki bilir rahət əziyyətdədir,

Şad yaşamaq səydə, qeyrətdədir.

 

Indi əgərçi ona zəhmət olar,

Qışda əyali, özü rahət bular:

 

Cəm edəcək tarlasının hasilin,

Bəsləyəcək ailəsin, həm elin.

 

 

Ilk dəfə “Yeni məktəb” dərsliyində (1909) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info