Qonaq Kitabı
AĞACLARIN BƏHSİ

 

Alma, palıd, şam ağacı hal ilə

Eylədilər bəhs bu minval ilə:

 

Başladı tərifə palıd qamətin,

Öydü özün, zorbalığın, halətin;

 

“Yetməz olur, - söylədi, - dağlar mənə,

Layiq olur fəxr edə bağlar mənə;

 

Az qala başım yetişir göylərə,

Şax budağım kölgə salıb hər yerə;

 

Əssə külək, qopsa da tufan, yenə

Əyməyə əsla gücü çatmaz mənə;

 

Canlıcadır, zorbacadır baldırım,

Sındıra bilməz məni heç ildırım!”

 

Alma ağacı ona verdi cəvab:

“Eyləmə tərif özünü, ey cənab!

 

Zorbadı hərçənd ki, qəddin sənin,

Yox mənə tay olmağa həddin sənin;

 

Səndə bitər bir neçə vecsiz qoza,

Ancaq o da qismət olur donquza.

 

Məndə, vəli, yaxşı, gözəl alma var,

Rəngini hər kim görə heyran qalar!

 

Dadlı, lətafətli, məlahətlidir,

Saplağı incə, özü ləzzətlidir”

 

Şam ağacı bildi bu keyfiyyəti,

Söylədi: “Bəsdir, buraxın söhbəti!

 

Boş danışıqdan nə çıxar, ay balam?

Qış günü çılpaq olursuz tamam;

 

Leyk mənim qışda dəxi yaz kimi,

Yaşıl olur paltarım atlas kimi;

 

Laziməm ev tikdirən insanlara,

Həm diryəəm, həm qapı eyvanlara;

 

Qış sobada xəlq məni yandırar,

Mənfəətim xəlqə mənim çox dəyər”.

 

 

Ilk dəfə “İkinci il” dərsliyində (1908) “Sabir” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info