Qonaq Kitabı
MƏKTƏBƏ TƏRĞİB

 

Mənim bağım, baharım!

Fikri ziyalı oğlum!

Məktəb zamanı gəldi,

Dur, ey vəfalı oğlum!

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

 

Gün çıxdı, sübh açıldı,

Qaranlıqlar qaçıldı,

Pəncərədən gün düşdü,

Otaqlara saçıldı.

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

 

Oğul, oğul, amandır,

Çox yuxlamaq yamandır.

Çox yuxlamaq – şeytandan,

Tez durmaq – allahdandır.

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

 

Nəsihət al, nəsihət,

Qıl kəsbi-elmə qeyrət!

Elmsizlik bəlası

Müşkül olur, həqiqət.

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

 

Məktəbdə var şərafət

Dəftərdə var lətafət.

Cari olur qələmdən

Şirin-şirin hekayət.

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

 

Allah olsun sədiqin,

Məktəb sənin şəfiqin;

Dur məktəbə get, oğlum,

Dəftər sənin rəfiqin.

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

 

Müəllimin kəlamın

Al, saxla ehtiramın;

Həqdən edər təmənna

Məktəbinin dəvamın.

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

 

Elm öyrən imtəhan ver,

Öz fəzlini nişan ver;

Qədrin bil elmü fəzlin,

Elmin yolunda can ver.

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

 

 

 

Ilk dəfə “Milli nəğmələr” məcmuəsində (1907) “Ə. Sabir” imzası ilə çap olunmuşdur.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info