Qonaq Kitabı
XOSROVI-HÜSNÜN, ƏZIZIM, SƏN IMIŞSƏN TACI

 

Xosrovi-hüsnün, əzizim, sən imişsən taci,

Xublər cümlə sənin dərgəhinin möhtaci.

 

Qabi-qövseyn qaşın, leylətül-isra zülfün,

Tapmısan mərtəbeyi-hüsndə sən meraci.

 

Tökülüb zülfi-siyəh arizi-alın üzrə,

Kəbəyə çöl ərəbi mane olur hüccaci.

 

Zairi-kuyinəm, ey məh, qoy öpüm xalindən,

Həcəri öpməyənə xəlq deməzlər haci.

 

Gəc nigah ilə dələr bağrımızı müjganın,

Bu ox atmağı kim öyrətdi sənə qıyğaci?

 

Gecə-gündüz səri-kuyində sızıldar Sabir,

Neyləsin, qovma qapından, kəsilib illaci.

 

 

İlk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info