Qonaq Kitabı
ISTƏSƏN KÖNLÜM KIMI ZÜLFÜN PƏRIŞAN OLMASIN

 

Istəsən könlüm kimi zülfün pərişan olmasın, -

Ol qədər cövr et mənə ah etmək imkan olmasın!

 

Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm,

İstərəm cismimdə dərd olsun, dəxi can olmasın!

 

Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!

Əhrimənlər[1] maliki-mülki-Süleyman olmasın!

 

Atəşin ruyində əfitək yatıb geysulərin,

Türfə cadudur ki, mar atəşdə suzan olmasın!

 

Derlər, aşiqküş nigarım qətlimə amadədir,

Allah, allah, bir səbəb qıl kim, peşiman olmasın!

 

Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib!

Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!

 

Sabira, ümmiid-vəsl ilə qəmi-hicranə döz,

Hansı bir müşküldi kim, səbr ilə asan olmasın?!

 

 

 

İlk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur.

 

 



[1] Zərdüştlikdə şər allahı və divlər padşahı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info